“CBC Sport”dan oyunun görüntüsünün səbəbi ilə bağlı Açıqlama
“CBC Sport” telekanalının yanvarın 21-də yayımladığı “Qarabağ” – “Ayntraxt” matçı yenidən gündəmə gəlib. İzləyicilər həmin oyunun və bir gün sonra UEFA Avropa Liqasının 7-ci turunda keçirilən “Fənərbaxça” (Türkiyə) – “Aston Villa” (İngiltərə) matçından çəkilmiş görüntüləri sosial şəbəkədə paylaşaraq “CBC Sport”u “Qarabağ” – “Ayntraxt” oyununu keyfiyyətsiz yayımlamaqda ittiham ediblər.
Crossmedia.az xəbər verir ki, məsələ ilə bağlı “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov News24.az-a açıqlamasında bildirib ki,kanal yarandığı gündən Azərbaycanın ilk rəsmi HD formatında yayımlanan kanalı olub:
“Hansısa bir iş barədə danışıb qiymət vermək böyük məsuliyyətdir. Bu məsuliyyəti üzərinə götürən şəxs mövzunu dərindən araşdırmalı və işin incəliklərinə bələd olmalıdır. "CBC Sport" yarandığı gündən Azərbaycanın ilk rəsmi HD formatında yayımlanan kanalıdır. Yəni biz başqa formatda yayımlaya bilmərik. Bu bir faktdır. Digər bir fakt isə odur ki, "CBC Sport" Azərbaycanda UEFA-nın yüksək və geniş əhatəli tələblərinə cavab verə biləcək çəkiliş imkanlarına malik yeganə kanaldır”.
Şəmsəddin Abbasov problemin stadionun xüsusiyyətləri ilə bağlı olduğunu qeyd edib:
“Görüntü fərqliliyi məsələsinə gəlincə, XX əsrin əvvəllərində tikilmiş stadionlarda işıqlandırma və ot örtüyü ilə bağlı problemlər görüntüyə təsir edir. Hətta stadion yenidənqurmadan keçsə də, təməldən bu işlər aparılmadan keyfiyyət eyni ola bilməz. XXI əsrdə müasir işıqlandırma və avadanlıqlarla təmin olunan, hər il təmir edilən stadionlarda keyfiyyət tamamilə fərqli olacaq və bu da daim nəzarət altında saxlanılır”.
Baş redaktor həmçinin sosial şəbəkə platformalarında yayılan yanlış məlumatlara inanılmamasını tövsiyə edib:
“Dəqiq deyə bilərəm ki, mövcud texniki heyətimizi və avadanlığımızı müasir stadiona gətirsək, eyni yüksək keyfiyyəti təmin edəcəyik. Eyni zamanda, xarici kanalların heyətini və avadanlığını bura gətirsək, görüntü indiki kimi olacaq. Xahiş edirəm, televiziya sahəsi haqqında baza bilikləri olmayan şəxslər bu mövzuda fikir bildirməsinlər. Peşəkarlardan soruşun, onlar dediklərimi təsdiqləyəcəklər”.(Ölkə.az)
23:57 24.01.2026
Oxunuş sayı: 491