Trampdan Putinə Cənubi Qafqazla bağlı master klass: Oyunu belə oynayarlar!
Beynəlxalq siyasi gündəmdə mühüm yer tutan Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi fikirlər diqqət mərkəzinə düşüb. Davos İqtisadi Forumunda çıxışı zamanı Tramp bu uzunmüddətli qarşıdurmanın həllində öz rolunu vurğulayaraq, Rusiya Prezidenti Vladimir Putinin onunla əlaqə saxladığını və prosesə dair təəccübünü ifadə etdiyini bildirib.
ABŞ liderinin sözlərinə görə, Putin münaqişənin 35 il ərzində davam etdiyini, lakin qısa müddətdə nizamlanmasının gözlənilməz olduğunu qeyd edib. Tramp isə öz növbəsində Rusiya prezidentinə əsas diqqəti Ukrayna münaqişəsinin həllinə yönəltməyi tövsiyə etdiyini bildirərək, böyük güclər arasında geosiyasi prioritetlərin necə dəyişdiyini açıq şəkildə ortaya qoyub.
Məsələ ilə bağlı siyasi şərhçi Elçin Alıoğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Davos İqtisadi Forumu yalnız iqtisadi göstəricilərin müzakirə edildiyi bir platforma deyil. Davos uzun illərdir qlobal elitanın, güc balanslarının, liderlərin düşüncə nou-haularının və beynəlxalq siyasətin arxa plan mexanizmlərinin açıq şəkildə müzakirə olunduğu bir məkandır. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın Davosda səsləndirdiyi fikirlər sıradan reaksiya olaraq qiymətləndirilə bilməz; bu, geopolitik metodologiyanın açıq etirafıdır.
Trampın dediyinə görə, Putin ona zəng edərək, otuz beş il davam edən bir münaqişənin bir gün ərzində necə həll edildiyinə inanmadığını bildirib. Daha maraqlısı isə odur ki, Putin etiraf edib ki, bu münaqişəni on il ərzində həll etməyə çalışıb, lakin nəticə əldə edə bilməyib. Tramp isə həmin problemi iyirmi dörd saata həll edib. Bu bəyanat klassik diplomatiya ritorikasından kəskin fərqlənir: burada balanslaşdırılmış ifadələr və ya diplomatik ədəb yoxdur; məqsəd bir liderin digərini keçdiyi görüntüsünü yaratmaqdır.
Trampın yanaşması post-Soyuq Müharibə dövrünün liberal beynəlxalq münasibətlər modelinə fundamental alternativdir. Bu modelin əsas prinsipləri belədir: uzunmüddətli danışıqların inkarı, prosesi deyil, nəticəni prioritetləşdirmək, hüquqi mexanizmlərdən çox siyasi leverajdan istifadə və tərəflərin iradəsini sındıran psixoloji üstünlük yaratmaq. Trampın diplomatiyası prosedural proseslərə deyil, nəticənin faydalılığına əsaslanır".
Müsahibimiz bu yanaşmanın Azərbaycanın rasional, praqmatik və qətiyyətli diplomatik mövqeyi ilə də səsləndiyini bildirib:
"Beynəlxalq münasibətlər nəzəriyyəsində “dondurulmuş münaqişə iqtisadiyyatı” anlayışı var: uzanan münaqişələr bir çox aktor üçün sərfəlidir — regional elitalar üçün legitimlik, beynəlxalq təşkilatlar üçün maliyyə axını, vasitəçilər üçün siyasi rol, silah sənayesi üçün isə bazar təmin edir. Putinin “on il cəhd etdim, alınmadı” etirafı əslində Rusiyanın postsovet məkanında münaqişələri həll etməkdə maraqlı olmadığını dolayısı ilə təsdiqləyir. Rusiya üçün prioritet həll deyil, münaqişəni idarə etməkdir. Tramp isə bu strukturu dağıdıb.
Bir günə münaqişə həlli fiziki olaraq çətin görünə bilər, lakin burada söhbət döyüşlərin dayanmasından yox, qərar nöqtəsinin formalaşmasından gedir. Bu, güc balansının kəskin dəyişdirilməsi, alternativlərin ləğvi və tərəflərin çıxış strategiyalarının, xüsusilə Ermənistan tərəfi üçün, məhdudlaşdırılması deməkdir. Bu klassik real-politikadır və Hans Morgentau nəzəriyyəsi iyirminci birinci əsrdə Tramp tərəfindən praktik olaraq həyata keçirilir.
Nəticə olaraq, beynəlxalq siyasətdə zəng edən tərəf adətən təşəbbüsü itirmiş tərəfdir. Putinin Trampa zəng etməsi simvolik aktdır: bu, Rusiyanın münaqişənin həllində effektivliyinin tükəndiyini etiraf etməsi və ABŞ-ın liderliyini faktiki qəbul etməsi deməkdir. Bu diplomatik bərabərlik deyil, psixoloji asimetriyadır".
Elmir Heydərli
12:40 24.01.2026
Oxunuş sayı: 471