Qaraçöpdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində 1990-cı il 20 Yanvar və 1989-cu il 9 Aprel hadisələri qurbanlarının xatirəsi yad edilib.
Crossmedia.az xəbər verir ki, anım tədbirində Azərbaycan səfirliyinin əməkdaşları, bələdiyyə rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nümayəndə heyəti Saqarejo rayonunun Yormuğanlı qəsəbəsinin girişində Gürcüstanın və Azərbaycanın müstəqillik tarixini əks etdirən abidə kompleksini ziyarət edib, abidə önünə tər qərənfillər düzüblər.
Çıxışlarda qeyd olunub ki, 1989-cu il 9 aprel tarixində Tbilisidə baş verən faciə Yormuğanlı sakinləri üçün dərin mənəvi əhəmiyyət daşıyır.
Daha sonra Keşəli kəndində fəaliyyət göstərən “Parlaq gələcək” kitab evi və tədris mərkəzinin şagirdləri 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş şeirlər səsləndiriblər. Tədbir vətənpərvərlik ruhunda davam etdirilib.
Anım tədbiri çərçivəsində 20 Yanvar şəhidi Ələsgər Qayıbovun doğulub boya-başa çatdığı evə də baş çəkilib.
Şəhid Ələsgər Qayıbovun qardaşı Nəriman Qayıbov bildirib ki, qardaşı Qaraçöpün qeyrətli və vətənpərvər övladlarından biri olub. Ələsgər Azərbaycanın azadlığı uğrunda şəhid olub. Ailə onunla qürur duyur. Şəhidin qardaşı oğlu Kamran Qayıbov əmisinin qəhrəmanləğından danışıb. Qeyd edib ki, Ələsgər Qayıbov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə güllələnib.
"Ələsgər Gənclik metrosu yaxınlığında yaralılara kömək edirdi. Bir neçə dəfə yaralıları xəstəxanaya aparıb-qayıtmışdı. Sonuncu dəfə özü yaralı halda xəstəxanaya çatdırıldı, lakin güllə yarası ağır olduğundan həyatını xilas etmək mümkün olmadı. Mən onun adını daşıyıram və bu adla böyümüşəm.”
Qeyd edək ki, Ələsgər Qayıbov 1966-cı il martın 15-də Yormuğanlıda (Qaraçöpdə) anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi və şəhid olanda cəmi 24 yaşı var idi.
Şəhidin xatirəsinin Qaraçöp bölgəsində daim uca tutulduğu vurğulanıb. Bildirilib ki, kəndin girişində ucaldılan abidə həm Azərbaycanın, həm də Gürcüstanın müstəqilliyi uğrunda canından keçənlərin qəhrəmanlıq rəmzidir. Qaraçöp sakinləri Ələsgər Qayıbovun adı ilə qürur duyduqlarını, bu şəhidin bütöv bir elin və nəslin baş ucalığı olduğunu bildiriblər.(AZƏRTAC)
00:40 24.01.2026
Oxunuş sayı: 336