Prezident İlham Əliyevin uzaqgörən və güclü siyasəti nəticəsində ölkəmiz uğurlar qazanmaqda davam edir
2026-cı il yanvarın 20-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ölkəmizin beynəlxalq arenada mövqeyini, qlobal proseslərə baxışını və humanitar dəyərlərə bağlılığını bir daha nümayiş etdirdi. Dövlət başçımızın çıxışı həm siyasi realizm, həm də milli maraqlara əsaslanan prinsipial mövqe baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Bu müsahibə Azərbaycanın yeni dünya reallıqları fonunda balanslı, həmçinin müstəqil və güclü dövlət siyasətinin bariz nümunəsi kimi qiymətləndirilir.
Təəssüflə bildirmək istərəm ki,beynəlxalq hüquq normaları artıq bütün dünya üçün mütləq görünmür
Prezidentimiz İlham Əliyev müsahibəsində müasir beynəlxalq münasibətlər sistemində ciddi transformasiyanın baş verdiyini vurğulayaraq qeyd etmişdir ki, artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün eyni dərəcədə məcburi xarakter daşımır. Dövlət başçımız İlham Əliyev açıq şəkildə bildirib ki, bir çox hallarda beynəlxalq hüquq prinsipləri selektiv yanaşma ilə tətbiq olunur və bu da qlobal ədalət anlayışını sarsıdır.
Prezidentimizin fikrincə, beynəlxalq münasibətlər getdikcə “qanunun aliliyi” prinsipindən uzaqlaşaraq “gücün hökmranlığı” mərhələsinə qədəm qoyur. Bu isə hər bir dövlətin öz milli maraqlarını, siyasi və iqtisadi potensialını əsas götürərək müstəqil strategiya formalaşdırmasını zəruri edir.Azərbaycan bu reallığı vaxtında düzgün qiymətləndirərək, beynəlxalq hüquqa hörmət göstərməklə yanaşı, milli maraqlarını qətiyyətlə müdafiə edən siyasət həyata keçirir.Prezidentimiz İlham Əliyev həmçinin Avropa qurumlarının, xüsusilə Avropa Parlamentinin Azərbaycana qarşı etdiyi qərəzli və əsassız mövqeyini tənqid etmiş,və bu yanaşmanın ölkəmizin müstəqil siyasətinə qarşı müəyyən lobbi qruplarının təsiri nəticəsində formalaşdığını vurğulamışdır. Dövlət başçımız Azərbaycanın artıq bu kimi ədalətsiz ittihamlara reaksiya vermədiyini və əməkdaşlığı daha konstruktiv platformalar üzərində qurduğunu diqqətə çatdırmışdır.Cənab Prezidentimiz İlham Əliyevin bu mövqeyi Azərbaycanın beynəlxalq arenada öz sözünü deyən, hüquqa və ədalətə əsaslanan, lakin təzyiqlərə boyun əyməyən suveren dövlət olduğunu bir daha təsdiqləyir.
Azərbaycanın regional sabitlik və təhlükəsizlik strategiyasını əsasını qoyub.
Prezidentimiz İlham Əliyev müsahibədə Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunmasının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulamışdır. Dövlət başçımız regionda davamlı sülhün təmin olunmasının yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram və real siyasi iradə əsasında mümkün olduğunu qeyd etmişdir.
Azərbaycanın regional siyasəti müharibədən sonra yeni əməkdaşlıq imkanlarının yaradılmasına, iqtisadi inteqrasiyanın gücləndirilməsinə və qarşılıqlı etimadın formalaşdırılmasına xidmət edir. Prezidentimizin mövqeyi göstərir ki, ölkəmiz regionda sabitliyin əsas dayaqlarından biri olaraq qalır və gələcəkdə də sülhün möhkəmləndirilməsi istiqamətində məsuliyyətli siyasət yürütməkdə davam edəcək.
Prezident İlham Əliyev müsahibəsində “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu beynəlxalq mükafata layiq görülməsinin onun üçün böyük şərəf olduğunu xüsusi vurğulamışdır. Bu mükafat təkcə dövlət başçımızın şəxsi fəaliyyətinə deyil, eyni zamanda Azərbaycanın multikulturalizm, tolerantlıq və humanitar dəyərlərə verdiyi töhfəyə beynəlxalq ictimaiyyət tərəfindən göstərilən yüksək qiymətin təzahürüdür.
Prezidentimiz qeyd etmişdir ki, insan qardaşlığı, dinlərarası və mədəniyyətlərarası dialoq, sülh və qarşılıqlı anlayış kimi prinsiplər Azərbaycan dövlət siyasətinin əsas sütunlarındandır. Ölkəmiz illərdir müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynayır, mədəni müxtəlifliyin qorunması və insan həmrəyliyinin təşviqi istiqamətində nümunəvi model formalaşdırır.
“Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın qlobal miqyasda sülhə, humanizmə və beynəlxalq həmrəyliyə verdiyi töhfələrin təsdiqi olmaqla yanaşı, Prezidentimiz İlham Əliyevin bu sahədəki liderliyinə verilən beynəlxalq etimadın göstəricisidir.
Prezidentimiz İlham Əliyevin liderliyi — müstəqil siyasət və güclü dövlət modeli yaradıb.
Davosda səsləndirilən fikirlər bir daha sübut edir ki, Prezidentimiz İlham Əliyev müasir qlobal çağırışlar fonunda Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən, realist və strateji düşüncəyə malik dövlət başçısıdır. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində öz müstəqil xəttini qoruyur, siyasi, iqtisadi və diplomatik sahələrdə mövqeyini daha da gücləndirir.
Bu müsahibə Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da söz sahibi olan dövlətə çevrildiyini, Prezidentimiz İlham Əliyevin isə bu uğurun əsas memarı olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı
11:08 23.01.2026
Oxunuş sayı: 1603