Azərbaycan Ermənistan iqtisadiyyatını necə "reanimasiyadan çıxarır"?
Cənubi Qafqazda yaranmaqda olan yeni siyasi reallıqlar beynəlxalq maliyyə institutlərinin diqqətini cəlb etməkdə davam edir. Nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch” Ermənistan və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin bərpasının və Bakı ilə əlaqələrin normallaşmasının Ermənistan iqtisadiyyatının gələcək inkişaf perspektivlərinə müsbət təsir göstərə biləcəyini bildirir.
Agentliyin qiymətləndirməsinə görə, tərəflər arasında hərbi eskalasiya risklərinin azalması, mümkün sülh sazişi və regional kommunikasiyaların açılması Ermənistan üçün əlavə iqtisadi artım imkanları yarada bilər. “Fitch” bu amilləri nəzərə alaraq ölkənin uzunmüddətli kredit reytinqinin proqnozunu “sabit”dən “pozitiv”ə dəyişib və regional sabitliyin iqtisadi dayanıqlıq baxımından həlledici rol oynadığını vurğulayıb.

Qeyd olunanlarla bağlı siyasi şərhçi Şakir Ağayev Crossmedia.az-a danışıb: "Sözsüz ki, “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında çox ciddi və obyektiv məqamlar əksini tapıb. Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşması, ilk növbədə, Ermənistana lazımdır – həm iqtisadi, həm siyasi, həm də humanitar baxımdan. Azərbaycan birbaşa olaraq Asiyaya, Avropaya və Yaxın Şərqə çıxış imkanlarına malikdir. Enerji daşıyıcıları, nəqliyyat-kommunikasiya xətləri baxımından ölkəmiz artıq qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısıdır. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars kimi beynəlxalq layihələr buna bariz nümunədir. Türkiyə də dörd dənizin qovşağında yerləşən və bütün dünya ilə sıx əlaqələri olan strateji dövlətdir. Bütün bunlardan fərqli olaraq, Ermənistan uzun illər Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində beynəlxalq və regional iqtisadi layihələrdən kənarda qalıb və bu gün iqtisadi baxımdan demək olar ki, tam asılı vəziyyətə düşüb. Hazırda Azərbaycan tərəfindən Ermənistana cüzi həcmdə neft məhsullarının tədarükü belə, ölkə daxilində yanacaq qiymətlərinin təxminən 15 faizədək azalmasına səbəb olub. Eyni zamanda, Azərbaycan və Gürcüstan üzərindən Rusiyadan və Qazaxıstandan gətirilən taxıl ehtiyatları Ermənistanın ərzaq bazarına müsbət təsir göstərir. Qeyd etmək lazımdır ki, bunlar hələ ilkin və sınaq xarakterli addımlardır və Azərbaycanla Türkiyənin Ermənistana təqdim etdiyi bir növ iqtisadi “bonus” kimi dəyərləndirilə bilər".
Müsahibimiz, həmçinin sülh müqaviləsi imzalandıqdan sonra Ermənistana qaz, elektrik enerjisi, genişmiqyaslı enerji və nəqliyyat imkanlarının açılması, dəmir yolu əlaqələrinin bərpası, eləcə də Orta Dəhlizdən istifadə perspektivi yarana biləcəyini bildirib: "Bu isə Ermənistan üçün həm Avropaya, həm Fars körfəzinə, həm də Mərkəzi Asiyaya çıxış deməkdir. “Fitch” agentliyi bütün bu amilləri nəzərə alaraq haqlı şəkildə vurğulayır ki, münasibətlərin normallaşması Ermənistanın iqtisadi perspektivlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Hazırda təşəbbüs və qərar Ermənistanın öz əlindədir. Ermənistan nə qədər tez Konstitusiyasına dəyişiklik edib sülh sazişinə imza atarsa, onun iqtisadi gələcəyi bir o qədər geniş və dayanıqlı olacaq".
Elmir Heydərli
10:12 23.01.2026
Oxunuş sayı: 1642