Qanunsuz yox, haqsız müdaxilə: Küçə satıcıları maddi və psixoloji zərər görür
Küçə ticarəti şəhər həyatının ayrılmaz hissəsidir. Hər gün yüzlərlə insan küçələrdə kiçik bizneslə məşğul olaraq ailəsinə və özünə əlavə gəlir təmin etməyə çalışır. Bəzən bu fəaliyyət qanun çərçivəsində aparılır, bəzən isə icazəsiz şəkildə həyata keçirilir. Lakin təəssüf ki, bəzi hallarda müvafiq orqanların əməkdaşları küçə satıcılarına qarşı sərt və aqressiv davranış sərgiləyir. Satıcıların mallarına zərər vurulur, onları qorxu altında saxlamaq və ya hətta inzibati cərimələrlə üzləşdirmək hallarına rast gəlinir. Nəticədə, yalnız kiçik gəlir əldə etmək məqsədində olan bu insanlar həm maddi itki, həm də psixoloji gərginliklə üzləşir. Küçə ticarəti ilə məşğul olan şəxslərin hüquqlarının qorunması və fəaliyyətlərinin nizamlı şəkildə tənzimlənməsi məsələsi isə hələ də aktual problem olaraq qalır. Ötən gün isə Sumqayıtda İcra Hakimiyyəti nümayəndəsi küçədə meyvə satışı ilə məşğul olan bir satıcıya qarşı aqressiv reaksiya göstərərək mallarını arabaya yığdırıb. Bu hərəkət ictimaiyyət arasında geniş müzakirəyə səbəb olub və küçə ticarəti ilə məşğul olan insanların hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirib. Bu barədə mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov Azərbaycan Respublikasının qanunvericiliyinə görə, İcra Hakimiyyəti orqanlarının ictimai asayişin, sanitar-gigiyenik normaların və şəhərsalma qaydalarının qorunması səbəbilə qanunsuz küçə ticarətinin qarşısını almaq tələbinə malik olduqlarını deyib:
“Lakin bu səlahiyyəti kobud formada tətbiq etmək olmaz. Əgər həqiqətən də küçə ticarəti piyadaların hərəkətinə mane olursa, icazəsiz sahədə həyata keçirilirsə, təbii ki, bu fəaliyyətin dayandırılması tələb oluna bilər. Amma bəzən görürük ki, İcra Hakimiyyətinin nümayəndələri satıcının əmlakını məhv edir, tapdalayır, müsadirə edir. İcra Hakimiyyətinin belə bir səlahiyyəti yoxdur. Çünki həmin əmlak şəxsin xüsusi əmlakıdır, mülkiyyətidir və toxunulmaz hesab olunmalıdır. İcra Hakimiyyəti şəxsin küçə ticarəti ilə məşğul olmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən məsuliyyət tədbiri tətbiq edə bilər. Həmin maddəyə görə, müvafiq orqanlar tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına görə şəxsə 80 manat məbləğində cərimə tətbiq edilir”.

A. Nurməmmədov bildirib ki, İcra Hakimiyyəti nümayəndəsinin əsas səlahiyyəti ondadır ki, şəxsi oradan öz əmlakı ilə birlikdə uzaqlaşdırsın və şəxsin barəsində protokol tərtib etsin:
“İcra Hakimiyyəti nümayəndəsi satıcının mallarını dağıdır, məhv edir, ziyan vurur. Bu halda satıcının nümayəndəni məhkəməyə vermək hüququ var. Həmçinin maddi ziyanın ödənilməsi üçün tələb irəli sürülə bilər. Dövlət küçə ticarətinin yığışdırılması üçün şəxsə əmlakını məhv etmək, onu buradan sərt şəkildə uzaqlaşdırmaq əvəzinə müvafiq yerlər müəyyən etməlidir. Müvafiq yerlər olduğu halda şəxsin qanunsuz küçə ticarəti ilə məşğul olması inzibati qaydada qanun pozuntusu deməkdir. Bəzən isə bu ticarətlə məşğul olmaq üçün alternativ yer olmur və satıcı insanların sıx məskunlaşdığı ərazidə ticarətlə məşğul olur”.
Qida eksperti Fərid Səfərov meyvələrin daşınması, açıq havada saxlanması və əl ilə təmasda olmasının onların keyfiyyətinə və insan sağlamlığına birbaşa təsir göstərdiyini qeyd edib:
“Bu təsirlərə vitamin və mineral itkisi aiddir. Meyvələr açıq havada və günəş işığında saxlanıldıqda vitamin C sürətlə parçalanır. Məsələn, portağal, kivi və çiyələk kimi C vitamini ilə zəngin meyvələrdə 1–2 gün ərzində əhəmiyyətli itki ola bilər. Əsasən B1 (tiamin) və B6 vitaminləri işıq, oksigen və temperatur dəyişikliklərinə həssasdır.

Minerallar (kalsium, kalium, maqnezium və s.) stabildir və daşınma-saxlanma zamanı əhəmiyyətli itkisi olmur. Yəni, əsas problem vitamin itkisidir, xüsusən də C vitamini və bəzi həssas B vitaminləridir. Bu vitamin itkisi sağlamlıq üçün əhəmiyyətlidir, çünki meyvələrin əsas faydası onların antioksidant və immun sistemini dəstəkləyən vitaminlərindədir.
Mikroorqanizm və toksin riski - küçə satıcılarının meyvələri gün ərzində açıq havada və əl ilə təmasda saxlaması zamanı bir neçə növ risk yaranır. Bakteriyalar- Salmonella, Listeria kimi patogenlər meyvələrin səthində ola bilər. Bu risk xüsusən əllə çox toxunulan və ya yerə düşmüş meyvələrdə yüksəlir.
Həmçinin, çürüməyə başlayan meyvələrdə maya və göbələklər çoxalır, bu da həm dadın dəyişməsinə, həm də bəzi toksinlərin istehsalına səbəb ola bilər.
Pestisid və ağır metallar- açıq havada uzun müddət saxlamaq bu maddələrin səthdə toplanmasına şərait yarada bilər, lakin əsas risk bakteriya və göbələklərlə bağlıdır”.
Qida eksperti, həmçinin insan sağlamlığına vurulan təsirləri izah edib:
“Vurğulanan bakteriyalar qarın ağrısı, qusma kimi qida mənşəli xəstəliklərə səbəb ola bilər. Göbələklər bəzi hallarda allergik reaksiyalar, toksin istehsalı və immun sisteminin zəifləməsinə gətirib çıxara bilər. Uzunmüddətli vitamin itkisi isə immun sisteminin zəifləməsinə, enerji azalmasına və antioksidant qorumanın azalmasına səbəb ola bilər. Meyvələrin düzgün daşınması, soyudulması və təmiz mühitdə saxlanması həm vitamin itkisini azaldır, həm də qida mənşəli xəstəlik riskini aşağı salır. Küçə meyvələrində risk həmişə bir qədər yüksəkdir, lakin tez istehlak olunarsa, sağlamlığa ciddi zərər vermə ehtimalı aşağıdır”.
İqtisadçı ekspert Elçin Rəşidov isə küçə ticarətinin qeyri-rəsmi iqtisadiyyata aid olduğunu deyib:
“Küçə ticarəti qeyri-rəsmi iqtisadiyyat sayılsa da, bu bütün dünyada mövcuddur və o halda ki, satıcının başqa alternativi yoxdur, müəyyən dərəcədə icazə var. Həmin insanların tamamilə işsiz qalmaqdansa, özünə müəyyən məbləğ qazanması üçün icazə verilə bilər".

İqtisadçı həmçinin bildirib ki, hansı dükanlar ki, vergi ödəyir, onlar vergi ödəməyən küçə ticarətinin olmasının əleyhinə olurlar:
"Bəzən küçə ticarətçiləri elə məhsullar satırlar ki, dükanla aralarında ciddi rəqabət yaranır. Məsələn, bəzi şirkətlər olur ki, onlara bərabər münasibət bəslənilmir. Bu yaxınlarda məlum oldu ki, məmur gömrük rüsumu ödəmədən siqaret qaçaqçılığı ilə məşğul olub və vəzifədən azad edilib. Bu baxımdan, təkcə sosial baxımdan nisbətən zəif qrupların üzərinə aqressiv hücumlar keçirilməsi ədalətsizdir”.
Fatimə Məmmədova
10:32 20.01.2026
Oxunuş sayı: 1650