İsraildə 20 Yanvar şəhidləri anılıb
Yanvarın 19-da Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə İsraildə yaşayan Azərbaycan icmasının fəal nümayəndələri və jurnalistlər iştirak ediblər.
20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ölkəmizin İsrail Dövlətindəki səfiri Muxtar Məmmədov 20 Yanvar hadisələrinə qədər və həmin tarixdən sonrakı dövrdə Azərbaycanda baş verən hadisələrin xronologiyası haqqında danışıb. Daha sonra dəyirmi masa iştirakçılarına Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan və Ermənistan arasında başlanılan sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina problemi barədə ətraflı məlumat verilib.
Tədbirdə yerli ictimaiyyət arasında Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlər barədə də müzakirə aparılıb.

21:07 19.01.2026
Oxunuş sayı: 1060