Aktauda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, Baş konsulluqdan verilən məlumata görə, tədbirdə Baş konsulluğun əməkdaşları, Türkiyənin, İranın Aktaudakı baş konsulları və əməkdaşları, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
İştirakçılar əvvəlcə 20 Yanvar müsibətinin dəhşətlərini özündə əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirin əvvəlində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Baş konsul Ayxan Süleymanlı tədbiri açıq elan edib.
O, çıxışında 20 Yanvar faciəsinin səbəbləri və o zaman hökm sürən ictimai-siyasi vəziyyətlə əlaqədar geniş məlumat verib. Bildirib ki, 1987-ci ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra yenidən ortaya atılan qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlib.
Baş konsul hər bir insan qətlinin faciə olduğunu söyləyərək 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakətlə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Vətən övladlarının həlak olmaları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirib.
Ayxan Süleymanlı Azərbaycan xalqının öz milli ləyaqətini və müstəqil Azərbaycanın ərazi bütövlüyünü qorumaq yolunda canlarından keçmiş övladları ilə fəxr etdiyini qeyd edib, dünyanın heç bir guşəsində belə faciənin təkrarlanmaması üçün hadisəyə ədalətli qiymət verilməsinin zəruriliyini bildirib.
Diasporumuzun nümayəndəsi, professor Yusif Quliyev çıxışında faciənin Azərbaycan xalqının yaddaşında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi əbədi qalacağını qeyd edib.
Tədbirin sonunda faciə qurbanlarının ruhunu əziz tutmaq üçün ehsan süfrəsi açılıb.


17:30 19.01.2026
Oxunuş sayı: 1209