Qanla yazılan tarix, sönməyən qürur "20 yanvar faciəsi" - 36 il
Azərbaycan xalqının yaddaşında elə tarixlər var ki, onlar təkcə təqvimdə bir gün deyil, bir millətin taleyidir. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda verdiyi ən ağır, eyni zamanda ən şərəfli günlərindən biridir. Bu qanlı hadisədən 36 il ötür. Lakin zaman bu ağrını azaltmır, əksinə, onu daha da dərinləşdirir, daha da müqəddəsləşdirir.
“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır”.
Elə bu şüarı da əsas tutaraq 36 il bundan əvvəl Azərbaycan xalqının
igid və qəhrəman övladları sovet rejiminə qarşı çıxdı. Respublikada yaranmış o
zaman ki, gərgin durum insanları küçələrə saldı. Etirazlar günü-gündən artmağa
başladı.
Axı xalqın bu etirazlarına səbəb nə idi? Nə üçün məs o anda, nə üçün
məs o ərəfədə? Bu sualları cavablandırmaq üçün, bir qədər tarixə nəzər salmaq
lazımdır.
Hələ, 1985-ci ildə SSRİ rəhbərliyinə gələn Mixayil Qorbaçov, Azərbaycana
qarşı dost olmayan siyasət yürüdməyə başlayır. Bu, ilk növbədə, 1987-ci ilin
payızında M.Qorbaçovun Heydər Əliyevin Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosundan və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən
kənarlaşdırılmasına nail olması ilə ifadə edildi. Beləliklə, Azərbaycan ölkənin
ən yüksək rəhbərliyinin bir hissəsi olaraq dəstəyini itirdi. Dərhal Əliyev əleyhinə
geniş bir mətbuat kampaniyası başladı. Bu kampaniya Ə.Vəzirovun respublikanın
partiya rəhbərliyinə başçı təyin olunmasından sonra daha da gücləndi. Daha
sonra, M.Qorbaçovun Dağlıq Qarabağdakı ərazilərin Ermənistan SSR-ə daxil
olmasını müdafiə edən siyasəti, ermənilərin separatizmin güclənməsinin
detonatoru oldu. Erməni separatist qruplaşmalarının dinc Azərbaycan kəndlərində
törətdikləri təxribatlar kütləvi xarakter alaraq Azərbaycan xalqının cavab
xarakterli etirazlarına səbəb oldu. Bu hadisələr, respublikanın suverenliyini və
ərazi bütövlüyünü qorumaq şüarları altında gedən, Azərbaycanda milli hərəkata
güclü təkan verdi.
Deyirlər ki, “Əgər bir nəfər itaətsizlik eləsə bu cinayətdir,
ancaq minlərlə insan bunu edirsə demək bu artıq inqilabdır”.
Bəli, insanlar azadlıq və müstəqillik arzusunda idi. Müstəqillik Azərbaycana
son 70 ildə heç vaxt belə yaxın olmamışdı. Xalqın ürəyində sanki azadlıq alovu
yanırdı. Bu alov ya hamını yanıb külə döndərəcəkdi, ya da alışıb bütün dünyanı
qaynadacaqdı.
Bir deyim də var ki, “Bütün millət köləlikdə olan vaxtda, bir ailə
şükür içində yaşaya bilməz”.
Elə ona görə də, bütün xalq birləşərək ayağa qalxdı. Mərkəzi Komitənin
binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başlanıldı. Bakının əsas
giriş-çıxışlarında, sovet-işğalçı ordusunun əsgər kazarmalarına aparan
yollarında yük maşınlarından və beton bloklardan ibarət barrikadalar quruldu.
Moskva bu hərəkatın qarşısını almaq üçün sərt tədbirlər gördü, Bakıya
qoşun göndərdi. Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun
yeritdi və burada qanlı qırğın törətdi.
1990-cı ilin 19-dan 20-nə keçən gecə Bakı şəhəri sanki mühasirəyə
alındı. Sovet imperiyasının ağır silahlı ordusu dinc və silahsız insanlara
qarşı yeridildi. Tanklar küçələri tapdaladı, güllələr evlərin pəncərələrin dən,
ürəklərdən keçdi. O gecə Bakının səması qana boyandı, torpağı şəhid qanı ilə
suvarıldı. Qadınlar ağladı, analar övladlarını itirdi, uşaqlar yetim qaldı. Bu,
sadəcə bir hərbi əməliyyat deyildi — bu, Azərbaycan xalqının iradəsini qırmaq cəhdi
idi.
Lakin onlar bir şeyi hesaba almamışdılar: bu xalq qorxu ilə yox, ləyaqət
ilə yaşayan xalqdır. Silahsız insanlar tankların qarşısına çıxdı, azadlıq istəyini
canı bahasına ifadə etdi. O gecə şəhid olanlar yalnız öz canlarını yox, gələcək
nəsillərin azadlığını qorudular. 20 Yanvar şəhidləri müstəqillik yolunun ilk və
ən uca qurbanları oldular.
Sovet ordusunun geniş miqyaslı hərəkatı Bakıda və respublikanın digər
yaşayış məntəqələrində 146 nəfərin ölümünə səbəb oldu, 400 nəfər həbs edildi,
744 nəfər yaralandı, 4 nəfər isə itkin düşdü. Yüzlərlə yaşayış binası
yandırıldı, vətəndaşlara və şəhər iqtisadiyyatına maddi ziyan dəydi. Respublika
əhalisi Sovet ordusunun vəhşi təcavüzünə etirazlarını bildirdi. 22 yanvar
1990-cı il Bakıda, bütün Azərbaycan təcavüz qurbanları ilə vida etdi. Bütün şəhər
qara geyimində idi. Respublikada üçgünlük matəm elan edildi. O zaman mitinqdə və
dəfn mərasimində iki milyona yaxın insan iştirak etmişdi. Küçələrdə, evlərin
divarlarında insanlarda Qorbaçova, Sovet Kommunist Partiyasına və hərbçilərə
nifrətini ifadə edən yazılar həkk oldu. Kommunist Partiya biletləri yandırıldı.
Şəhidlər Xiyabanına axışan milyonlarla insan sübut etdi ki, Azərbaycan
xalqını susdurmaq mümkün deyil. Həmin gün xalq və şəhidlər arasında əbədi bağ
yarandı.
Çox təəssüf olsun ki, Azərbaycan xalqının qanı axıdıldı və nə qədər
ağır olsa da dünya bu qanlı 20 yanvar hadisəsindən danışdı.
Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən Ümummilli Lider Heydər
Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycan nümayəndəliyində
etdiyi cəsarətli çıxışla Sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti dünya
ictimaiyyətinə çatdırdı. Bu çıxış təkcə etiraz deyildi — bu, qorxu səddini
dağıdan milli mövqenin təntənəsi idi.
Əliyevin nitqi çox böyük əhəmiyyət kəsb edib və nəticələrə səbəb oldu.
Həmin gün Əliyevi bütün xarici radio səsləri səsləndirdi və daimi nümayəndəliyə
toplaşan xarici müxbirlər Əliyevi müsahibə almaq üçün mühasirəyə aldılar. Bir
neçə gündən sonra isə bu çıxışın videosu kimlərsə tərəfindən gizli şəkildə
yayıldı və lentlər Bakıda görüntüləndi. Həmin lent görüntüləri, respublika vətəndaşlarının
qəlbində ümid hissini oyandırır və Kreml etirazçıları arasında isə qorxu
yaradır.
Bəli, o zaman sovet faşist ordusu barrikadaları xalqın qanı naminə
yara bildi, ancaq insanları susdura bilmədi. Əksinə, elə həmin 20 yanvar
tarixindən SSSR-i Azərbaycanı itirdi.
İnqilabi hərəkatlar daha da qücləndi. Hakimiyyətə qarşı boykot elan
olundu. Xalq öz suverenliyini qazanmayınca mövqeyindən dönmədi. Həmən o gecə Azərbaycan
xalqının taleyi həll olundu. Elə həmən o gecədə, bu günkü firavan Azərbaycanımızın
müstəqilliyinin və azadlığının təməli qoyuldu.
Bu gün müstəqil Azərbaycan 20 Yanvar şəhidləri qarşısında başıuca
dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü dövlətə
çevrilib. Xalqın azadlıq arzusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində
qazanılan tarixi Qələbə ilə özünün ən ali zirvəsinə çatdı. Bu Qələbə sübut etdi
ki, 20 Yanvar şəhidləri hədər getməyib, onların tökdüyü qan torpaqda yox,
tarixdə cücərib.
20 Yanvar — həm də milli oyanışın başlanğıcıdır. Bu gün bizi birləşdirən
və gücləndirən dəyərlərin əsası həmin gecə qoyuldu. O gecə Azərbaycan xalqı
qorxunu aşdı, köləlik düşüncəsini rədd etdi və azadlıq yolunu seçdi.
Bu gün, 36 il sonra biz o şəhidlərin ruhu qarşısında bir daha söz
veririk:
Azərbaycan müstəqil qalacaq, suverenliyimiz əbədi olacaq, Şəhidlərimizin
xatirəsi isə heç zaman unudulmayacaq.
20 Yanvar — qanla yazılan tarixdir.
20 Yanvar — milli ləyaqətin simvoludur.
20 Yanvar — ağrımızdır, qürurumuzdur, yaddaşımızdır.
Şəhidlər ölməz, Vətən bölünməz!

İlham Quliyev
YAP Yasamal rayon, “Neft-qaz elmi tədqiqat layihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini
10:39 19.01.2026
Oxunuş sayı: 2012