Sosial şəbəkələrdən istifadə edən hər bir şəxs sosial öhdəliklər daşımalıdır - Açıqlama
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin geniş yayılması ictimai davranışlara birbaşa təsir göstərir. Bu baxımdan cəmiyyətin mənəvi dəyərlərinin, milli-əxlaqi normalarının və ictimai qaydanın qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilir. Sözügedən sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda informasiya məkanında yol verilən pozuntulara qarşı nəzarət daha da gücləndirilir.
Bu çərçivədə Prezident İlham Əliyevin təsdiqlədiyi dəyişikliklərə əsasən, saytlar və sosial şəbəkələr üzərindən ictimai mənəviyyəti təhqir edən, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən davranışların, əxlaqsız ifadələrin, qeyri-etik jestlərin və milli-mənəvi dəyərlərə zidd görüntülərin yayılması qadağan edilir. Qanunvericiliyə edilən bu dəyişikliklər informasiya mühitində sağlam ictimai münasibətlərin formalaşdırılmasına və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edir.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiyalar kafedrasının müdiri, professor Qulu Məhərrəmli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Əlbəttə ki, sosial şəbəkələr açıq informasiya platformalarıdır. Bu mühitdə hər kəs kontent yaradır, paylaşır və öz biliyi, düşüncəsi, dünyagörüşü çərçivəsində məlumatlar yayır. Bu, sosial şəbəkələrin müsbət tərəfidir. Lakin təəssüf ki, bəzən elə resurslara və profillərə rast gəlinir ki, onlar cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirir, qadağan olunmuş, etik baxımdan qəbuledilməz davranışlara yol verir, yolverilməz çağırışlar edirlər. Bu cür halların qəti şəkildə qəbulolunmaz olduğu birmənalıdır. Fikrimcə, sosial şəbəkələrdən istifadə edən hər bir şəxs müəyyən sosial və etik öhdəliklər daşımalıdır və etiqada, əxlaqa, ümumi mənəvi dəyərlərə zidd olan heç bir davranışa yol verməməlidir. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu anlayış cəmiyyətimizdə hələ də tam formalaşmayıb. Bəzən belə bir yanlış düşüncə mövcuddur ki, sosial şəbəkələrdə istənilən fikri məsuliyyətsiz şəkildə ifadə etmək, böhtan atmaq, təhqirə yol vermək və etik normalara zidd görüntülər paylaşmaq mümkündür. Halbuki bu, qətiyyən belə deyil".

Professor, həmçinin sosial şəbəkələrin real həyatda sərgilədiyimiz davranışların, düşüncə və hərəkətlərimizin davamı və uzantısıdır olduğunu bildirib:
"Məhz buna görə də bu platformalarda da etik hədlərə ciddi şəkildə riayət olunmalıdır.
Bütün bu sadalanan səbəblərə görə saytlar və sosial şəbəkələr üzərindən cəmiyyətə qarşı açıq hörmətsizlik hallarının qadağan edilməsi vacib və labüddür. Bu istiqamətdə atılan hər bir addımı biz yalnız və yalnız dəstəkləyirik".
Elmir Heydərli
14:37 17.01.2026
Oxunuş sayı: 1565