907-ci düzəlişin tamamilə ləğvi Azərbaycan–ABŞ əməkdaşlığının daha da dərinləşməsinə xidmət edəcək - MÜSAHİBƏ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını dedilər.
Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirdi. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğuladı.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Qlobal geosiyasi balansların yenidən formalaşdığı, Cənubi Qafqazın isə beynəlxalq aktorların diqqət mərkəzində olduğu bir mərhələdə Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika müşahidə olunur. ABŞ Senatı və Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də regionun gələcək geosiyasi və geoiqtisadi konfiqurasiyası prizmasından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Tural Gəncəliyev keçirilən görüşlə bağlı Crossmedia.az-ın suallarını cavablandırıb:
- Bu görüş fonunda ikitərəfli əlaqələrin inkişafının Cənubi Qafqaz üçün əhəmiyyəti nədən ibarətdir?
- Son zamanlar Azərbaycan–ABŞ münasibətləri ən yüksək inkişaf səviyyəsinə çatıb. Bu görüş Cənubi Qafqazda yeni geosiyasi reallıqların möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ABŞ-la münasibətlərini sırf öz milli maraqlarına uyğun şəkildə inkişaf etdirir və bu siyasət heç bir regional ölkəyə qarşı yönəlməyib. Azərbaycan müstəqil, suveren dövlətdir və güclü liderliyi sayəsində beynəlxalq aktorlarla, xüsusilə ABŞ və Avropa İttifaqı ilə etibarlı tərəfdaşlıq qurur. Bu yanaşma regionda sabitliyə və əməkdaşlığa xidmət edir.
- TRİPP dəhlizinin regional əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Keçən ilin avqust ayında imzalanmış müvafiq bəyannaməyə əsasən, Azərbaycanın Naxçıvanla Zəngəzur dəhlizi üzərindən TRİPP marşrutu vasitəsilə birləşməsi Türk dünyasının inteqrasiyası və Azərbaycanın yeni geosiyasi güclü ölkə kimi meydana çıxması baxımından strateji əhəmiyyətə malikdir. TRİPP marşrutu Şərq–Qərb dəhlizinin əsas hissəsidir və Orta Dəhlizin tam funksional olması üçün vacib komponent hesab olunur. Bu marşrutun logistik, geosiyasi və geoiqtisadi aspektləri region ölkələri və bütövlükdə dünya üçün böyük maraq doğurur.
- 907-ci düzəlişin perspektivdə ləğvi nələri dəyişə bilər?
- Azərbaycan–ABŞ münasibətlərində 1992-ci ildən mövcud olan 907-ci düzəlişlə bağlı artıq real imkan yaranıb ki, bu məhdudiyyət hər il müvəqqəti təxirə salınmaqla kifayətlənməsin, birdəfəlik ləğv edilsin. Bu məsələ artıq ABŞ Konqresində qaldırılıb və müvafiq qanun layihəsi Konqresin Xarici Əlaqələr Komitəsinə təqdim edilib. Düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması münasibətlərin mövcud inkişaf səviyyəsinə uyğun deyil və onun birdəfəlik ləğvi Azərbaycan–ABŞ əməkdaşlığının daha da dərinləşməsinə xidmət edəcək.
- ABŞ–Azərbaycan münasibətlərinin inkişafına İran və Rusiya necə reaksiya verəcək?
- Azərbaycanın ABŞ-la münasibətlərinin inkişafı onun suveren hüququdur. Bu siyasət heç bir ölkəyə qarşı yönəlməyib. Vaxtilə TRİPP marşrutu ilə bağlı Rusiya və İran tərəfindən müəyyən etirazlar səsləndirilsə də, zaman keçdikcə bu layihənin qlobal əhəmiyyəti aydın oldu. Hazırda Orta Dəhlizin açılmasında bütün dünyanın, o cümlədən Rusiyanın və İranın yaxın müttəfiqi olan Çinin maraqlı olduğu görünür. Azərbaycan güclü və balanslı xarici siyasət aparır, regional və qonşuluq münasibətlərini nəzərə alaraq öz milli maraqlarını qətiyyətlə qoruyur. Bu səbəbdən Azərbaycanın ABŞ-la əməkdaşlığı regionda neqativ ritorikaya və ya sərt reaksiyalara səbəb olmayacaq.
16:20 05.01.2026
Oxunuş sayı: 3223