ABŞ-də yerləşən sirli meşə: İqlim dəyişikliyinin səssiz sübutu
ABŞ-nin Şimali Karolina ştatında, Atlantik okeanına yaxın sahilyanı zonada yerləşən meşə ölü meşə uzun müddət adi bir ekosistem kimi mövcud olub. Qeyd edək ki, meşə "Xəyalət" meşəsi olaraq tanınıb. Belə ki, sahil bataqlıqları, estuar suları və şirin su axınları ilə qidalanan ərazi region üçün tipik meşə örtüyü hesab edilirdi. Lakin son onilliklərdə burada baş verən dəyişikliklər bu məkanı elmi araşdırmaların diqqət mərkəzinə gətirib.
Bu gün həmin ərazi ölü meşə kimi tanınır və iqlim dəyişikliyinin ən aydın, eyni zamanda ən narahatedici nümunələrindən biri sayılır. Araşdırmalar göstərir ki, meşənin məhvi ani hadisə ilə bağlı olmayıb. Proses mərhələli şəkildə, illər ərzində baş verib. Atlantik okeanında dəniz səviyyəsinin tədricən yüksəlməsi sahilyanı torpaqlarda su balansını pozub. Şirin su ehtiyatları azalıb, duzlu su torpağın dərin qatlarına qədər nüfuz edib. Yarpaqlı ağaclar üçün bu dəyişiklik pik və təhlükəli həddə çatıb. Duzlu su kök sistemini zədələyib, ağacların qidalanma imkanlarını məhdudlaşdırıb və nəticədə meşə tədricən ölüb.
Ekoloqların fikrincə, bu cür meşələr iqlim dəyişikliyinin dolayı yox, birbaşa nəticəsidir. Temperatur artımı ilə yanaşı, okean səviyyəsinin qalxması sahilyanı əraziləri ən həssas zonaya çevirir. Bu ölü və qəribə meşə bu baxımdan statistik rəqəmlərin yox, real mənzərənin dilidir. Burada ağacların qurumuş gövdələri gələcək ssenarilərin səssiz göstəricisinə çevrilib. Araşdırmalar zamanı diqqət çəkən məqam təkcə ağacların ölümü deyil. Meşə ilə birlikdə torpaq strukturu da dəyişib. Mikroorqanizmlər yox olub, canlı müxtəlifliyi kəskin azalıb. Quşlar və kiçik heyvanlar ərazini tərk edib. Bu isə onu göstərir ki, ölü meşə lokal problem deyil, bütöv ekosistemin dağılmasıdır. Mütəxəssislər bildirir ki, bu proses geri dönməz mərhələyə daxil olduqda, təbiətin özünü bərpa etməsi onilliklər, bəzən isə əsrlər tələb edir.
Həmçinin , meşədə aparılan müşahidələr maraqlı psixoloji nəticələr də ortaya qoyur.
Araşdırma qruplarının qeydlərinə görə, bu ərazilərdə çalışan insanlar uzun müddət qaldıqda narahatlıq, diqqət dağınıqlığı və zaman hissinin pozulması kimi hallar yaşadıqlarını bildiriblər. Alimlər bunu torpaq və hava qatında baş verən kimyəvi və elektromaqnit dəyişikliklərlə əlaqələndirsə də, bu təsirlərin hələ tam izahı yoxdur. Meşə yalnız ekoloji yox, insan psixologiyasına təsir edən bir mühitə çevrilib.
Maraqlıdır ki, ABŞ-də yerləşən bu meşə ilə Avropanın ən sirli meşələrindən biri sayılan Hoia Baciu arasında tez-tez paralellər aparılır. Rumıniyanın Transilvaniya bölgəsində yerləşən "Hoia Baciu" meşəsi də uzun illərdir izahı çətin hadisələrlə gündəmə gəlir. Təxminən 250 hektarlıq ərazini əhatə edən bu meşə bitki bitməyən sahəsi, elektromaqnit anomaliyaları və insanlarda yaratdığı narahatlıq hissi ilə tanınır. Hər iki məkanda fərqli səbəblər olsa da, ortaq cəhət eynidir: təbiətdə pozulan tarazlıq insan üçün təhlükə siqnalına çevrilir. Araşdırmaçılar hesab edir ki, belə meşələrin artması gələcəkdə sahilyanı ərazilər üçün ciddi risklər yarada bilər. Bu meşələr təkcə təbiətin deyil, insan fəaliyyətinin də nəticəsidir.
Dəniz səviyyəsinin qalxması, iqlim dəyişikliyi, urbanizasiya və ekosistemə müdaxilə bu prosesi sürətləndirir. Ölü meşə bu mənada tək bir ərazi deyil, qlobal problemin lokal təzahürüdür.
Bu meşə qorxu yaratmaq üçün mövcud deyil. O, statistikanın danışa bilmədiyini göstərir. Qurumuş ağaclar, səssiz torpaq və boşluq bir sualı açıq saxlayır: bu gün bu meşə ölü ağaclarla doludursa, sabah hansı ərazilər eyni taleyi yaşayacaq?
Fatimə Məmmədova
14:50 01.01.2026
Oxunuş sayı: 1832