XRİTDX ali təhsil müəssisələrində tələbələr üçün ustad dərsləri keçirib
Cari ilin noyabr–dekabr ayları ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən bir sıra ali təhsil müəssisələrinin tələbələrinə informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də gələcək kadr potensialının formalaşdırılması məqsədilə 9 ustad dərsi keçirilib.
Dövlət Xidmətindən Crossmedia.az-a bildirilib ki, təlimlər Azərbaycan Texniki Universitetinin, Bakı Ali Neft Məktəbinin və Bakı Biznes Universitetinin tələbələri üçün təşkil olunub. XRİTDX-nin peşəkar əməkdaşları tərəfindən keçirilən ustad dərslərində informasiya təhlükəsizliyində idarəetmə və uyğunluq yanaşmaları, rəqəmsal ekspertiza (kibertəhlükəsizlik və hüquqi proseslərdə etibarlı sübutların təmin edilməsi), eləcə də kibermüdafiə ekosistemi çərçivəsində SOC komandalarının proaktiv və reaktiv funksiyaları kimi aktual mövzular əhatə olunub.
Qeyd edək ki, sözügedən təlimlər tədris müəssisələri ilə imzalanmış əməkdaşlıq haqqında memorandumlar çərçivəsində keçirilib. Bu təşəbbüs tələbələrin praktiki biliklərinin artırılmasına, informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış insan kapitalının inkişafına və ölkənin kadr ehtiyatının genişləndirilməsinə xidmət edir.
15:57 30.12.2025
Oxunuş sayı: 3046