Gənc ifaçı: Bəzən öz səsimi yazır, sonra sakinləşmək üçün dinləyirəm
Son vaxtlar gənclər arasında incəsənətə, o cümlədən musiqiyə həvəs xüsusilə müşahidə olunur. Sözsüz ki, bu, həm də istedadla bağlıdır. Ayrı-ayrı gənclər sosial media vasitələrindən istifadə edərək öz bacarıqlarını ortaya qoyurlar və tədricən məşhurlaşırlar. Bunu bir çox sənətçinin timsalında görmüşük. Belə gənc istedadlardan biri də Zəhra Həsənovadır. Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika ixtisası üzrə 3-cü kursda təhsil alan Zəhra Həsənova hələ tələbə olmasına baxmayaraq, sosial mediada kifayət qədər izləyici toplayıb.
Gənc və istedadlı ifaçı Crossmedia.az-a müsahibə verib:
- Nə zamandan etibarən həvəskar formada ifaçılıqla məşğul olmağa başlamısınız?
- Musiqiyə marağımı dil açandan evdəkilər kəşf ediblər. Anamın dediyinə görə, ilk sözlərimi melodiya ilə deyirmişəm. Daha sonra bağçada musiqi müəlliməm bunu kəşf edib. Bağça tədbirlərinin hamısında mahnı oxumağa başlamışam. İndi də tədbirlərdə ifa edirəm.
- Gələcəkdə peşəkar formada da bu müğənniliklə məşğul olmaq istərdiniz?
- Hazırda jurnalistika ixtisasında təhsil alıram. Universiteti bitirdikdən sonra bu sahə ilə peşəkar olaraq məşğul olmaq fikrindəyəm. İkili təhsilim olsun istəyirəm — həm musiqi, həm də jurnalistika sahəsində. Biri bütünlüklə bağlı olduğum, digəri isə uşaqlıqdan bəri xəyalını qurduğum sahədir. Peşəkar musiqi təhsilim olsa da, bu, piano üzrədir. Səslə bağlı isə heç bir dərs almamışam.
- Bir çox məşhur ifaçılar məhz sosial media vasitəsilə tanınıblar. Necə düşünürsünüz, sosial media tanınmağa, həqiqətən, kömək edir?
- Sosial media günümüzdə TV-dən daha çox məşhurluq gətirir, sözsüz ki, xüsusilə TikTok-da mahnı oxuyub paylaşmaq saniyələr içində məşhurlaşmağa səbəb ola bilir.
- Ümumiyyətlə, ifalarınıza sosial mediada reaksiyalar necə olur?
- Sosial mediada 1 ildir ki, mahnı oxuyub paylaşmağa başlamışam. Bunu maraq üçün edirəm. Bəzən kefim olmayanda və ya heç nə etməyə həvəsim olmayanda bir video paylaşıram. Oradan gələn bəyənmə sayı, baxışlar, həmçinin şərhlər o qədər ürəyimi açır ki, bütün işlərimə qarşı motivasiyanı bu vasitə ilə aldığımı desəm, yanılmaram.
- Gələcəkdə ikinci ali təhsil kimi musiqi təhsilinə də yiyələnmək istərdiniz?
- Gələcəkdə fikrim, necə deyərlər, iki tərəflidir. Jurnalistika ilə bağlı magistr təhsilini davam etdirməklə yanaşı, musiqi akademiyasında yarımçıq qoyduğum musiqi xəyallarımı gerçəkləşdirmək istəyirəm.
- Maraqlıdır, daha çox hansı janrda olan mahnılara üstünlük verirsiniz və niyə?
- Daha çox melodik mahnıları oxumağa üstünlük verirəm. İstər xarici, istərsə də yerli mahnıların melodik olanını sevirəm. Bizim mahnılardan 2000-ci illərin əvvəlindəki estrada mahnılarını və retro mahnıları oxumağı, həmçinin dinləməyi çox sevirəm. Eyni zamanda fars mahnılarını da xüsusi sevirəm. Fars mahnılarına əvvəl dırnaqarası yanaşdım, sonra müəllimimin tövsiyyəsi ilə ən çox dinlədiyim mahnılar oldu. Məsələn, Khodahafez və ya Mohsen Namjonun məşhur mahnıları buna misal ola bilər.
- Musiqi dinləmək, yoxsa mahnı oxumaq sizə daha çox zövq verir?
- Təbii ki, ifa etmək. Mahnı oxumaq ruhumu, bədənimi sakitləşdirir, zehni yorğunluğumu alır. Təvazökarlıqdan uzaq olsa da, bəzən öz səsimi yazır, sonra sakinləşmək üçün dinləyirəm.
Mehriban Yariyeva
15:45 29.12.2025
Oxunuş sayı: 5232