AZAL təyyarəsinin vurulması ilə "Rus Evi"nin bağlanması arasında hansı əlaqə var?- Açıqlandı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanda "Rus Evi"nin heç bir qeydiyyatı olmadan fəaliyyət göstərdiyini və bununla bağlı müəyyən vaxtlarda təsisata xəbərdarlıq edildiyini deyib.
Nazir qeyd edib ki, digər pozuntular da davam edirdi:
"Ona görə də "Rus Evi"nin bağlanmasına qərar verildi və bu, icra edildi. Bu və digər təsisatların ölkədə fəaliyyəti yerli qanunvericiliyə uyğun olmalıdır. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. "Rus Evi" ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsasən, yarımçıq və həll olunmayan məsələ qalmayıb, ləğvolunma prosesi başa çatıb".
Politoloq Elxan Şahinoğlu nazirin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlamasında deyib ki, artıq bu məsələ qapanıb: "Halbuki, bəzən Rusiyaya bağlı informasiya mərkəzləri “Rus evi”nin yenidən fəaliyyətə başlayacağı barədə dezinformasiyalar yayırlar. Bakıda “Rus evi”nin bağlanması Kremlə pis təsir edib. Çünki, vaxtilə Kremlin təşəbbüsü ilə müxtəlif ölkələrdə yaradılan “Rus evləri” Rusiyanın işğalçı maraqlarına xidmət etməli idi. Bakıda “Rus evi”nin qanunsuz fəaliyyət göstərməsinin və Rusiya xəfiyyələrinin mərkəzinə çevrilməsinin qarşısı alındı. Rəsmi Bakının “Rus evi”ni qapatması qərarı başqa ölkələrdə fəaliyyət göstərən bir neçə “Rus evi”nin qapadılması üçün müsbət örnək oldu. Kreml bunu bizə bağışlamır. Bəlkə də Rusiya Prezidenti Vladimir Putinin verdiyi vədin əksinə olaraq raketlə vurulan Azərbaycan təyyarəsinə görə kompensasiya ödəməməsi və cinayətkarları cəzalandırmaması Bakıda “Rus evi”nin və “Sputnik” agentliyinin qapadılmalarıyla əlaqəlidir. Halbuki, bunlar eyni məsələlər deyil. Ceyhun Bayramovun sözlərinə görə, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana göndərdiyi məktubda cinayət işinə xitam verildiyi bildirilib. Deməli, Kremlin Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur".

22:38 27.12.2025
Oxunuş sayı: 1380