BDU-da Qərbi Azərbaycana həsr olunmuş kitabın birinci cildinin təqdimatı keçirilib
Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan İcması ilə birlikdə Prezident cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışında Qərbi Azərbaycan məsələsi ilə bağlı söylədiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsi və “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı ilə bağlı konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, prezidentin akademiyadakı çıxışı Qərbi Azərbaycan məsələsinin elmi əsaslandırılması baxımından strateji əhəmiyyətli sənəd kimi qiymətləndirilə bilər. Həmin çıxışda dövlət başçısı bir neçə mühüm tezis irəli sürmüşdür:
Qərbi Azərbaycan məsələsi yalnız siyasi deyil, elmi əsaslandırılmış milli məsələdir;
Tarix, hüquq, etnoqrafiya, dilçilik və demoqrafiya sahələrində aparılan tədqiqatlar bu prosesin əsas dayağı olmalıdır;
Elmi ictimaiyyət tarixi saxtalaşdırmalara qarşı intellektual müqavimət mərkəzi rolunu oynamalıdır.
Bu çıxışla Prezident İlham Əliyev elmi müəssisələrə açıq mesaj vermişdir: Qərbi Azərbaycan məsələsi dövlət siyasətinin tərkib hissəsidir və onun elmi əsaslandırılması milli vəzifədir. Cənab Prezident “Qayıdış”ın yol xəritəsinə aşağıdakı hədəfləri də əlavə etmişdir: Qərbi Azərbaycanla bağlı sistemli elmi tədqiqat proqramlarının hazırlanması; Deportasiya faktlarının beynəlxalq hüquq normaları əsasında sənədləşdirilməsi; Qərbi Azərbaycan toponimlərinin, mədəni irsinin və tarixi yaddaşının bərpası; Elmi nəticələrin beynəlxalq akademik platformalarda təqdim olunması.
Ölkənin qabaqcıl elm-təhsil müəssisəsi kimi Bakı Dövlət Universitetinin bu prosesə potensial töhfəsi Qərbi Azərbaycan Araşdırma Mərkəzinin yaradılmasından, multidissiplinar elmi layihələrin icrasından, beynəlxalq konfrans və simpoziumların təşkilindən, Qərbi Azərbaycanla bağlı xüsusi kurs və proqramların tədrisi və digər tədbirlərdən ibarət olacaqdır.
Gündəliyin ikinci məsələsi. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin üzvü, tədqiqatçı-alim Əziz Ələkbərli və tədqiqatçı Səbuhi Hüseynovun müəllifliyi ilə ərsəyə gəlmiş “Qərbi Azərbaycan irsi” kitabı öz funksinal təyinatına görə unikal bir tədqiqatdır. Əsərdə də göstərildiyi kimi, tədqiqatın məqsədi Ermənistan Respublikasında azərbaycanlılara məxsus maddi-mədəni irsin ən mühüm komponentlərindən biri olan qəbiristanlıqların vəziyyətini sənədləşdirmək, həyata keçirilən diskriminasiya siyasətinin onların vəziyyətinə təsirini qiymətləndirməkdir.
Hesabat həmçinin Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinə qarşı törədilən vandalizm aktlarının tarixi diamikasını təsvir edir, bu fəaliyyətin nəticələrinin hüquqi aspektlərini araşdırır və beynəlxalq hüquqa əsasən Ermənistanın məsuliyyət daşımalı olduğu müddəalarını irəli sürür.
Nəşr sübut edir ki, Ermənistan təkcə işğalçı deyil, həm də mədəni irsə qarşı soyqırımı həyata keçirən dövlətdir. Qəbiristanlıqların dağıdılması – xalqın yaddaşına, tarixinə və mənəviyyatına qarşı vəhşilik aktıdır. Bu faktlar Azərbaycanın haqlı mövqeyini daha da gücləndirir. Bu mənada kitab, həm də beynəlxalq hüquq müstəvisində məsuliyyətin təşkili üçün dəyərli hüquqi və tarixi mənbədir. Əsər Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılması faktlarını sənədləşdirərək, beynəlxalq hüquqa ünvanlanmış faktoloji bazanı gücləndirir. Bu cinayət aktları – yalnız mədəni vandalizm deyil, həm də bəşəri dəyərlərə qarşı yönəlmiş məqsədli siyasətdir.
Tədqiqatın əhəmiyyəti yalnız keçmişin xatırlanması deyil, eyni zamanda gələcək nəsillərin tarixi yaddaşının qorunması, dədə-baba torpaqlaından zorla köçürülmüş icmanın hüquqi müdafiəsinin təmin edilməsi və beynəlxalq səviyyədə kompensasiya mexanizmlərininin əsaslandırılması ilə də bağlıdır.
13:00 22.12.2025
Oxunuş sayı: 1471