Batumidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Dekabrın 20-də Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə Beynəlxalq İnsan Həmrəyliyi Günü, eləcə də qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Batumidə fəaliyyət göstərən Bazar günü məktəbində təhsil alan uşaqlar, Baş Konsulluğun kollektivi, azərbaycanlı icma və diaspor üzvləri iştirak ediblər.
Baş konsul Fuad Əzizov çıxış edərək bildirib ki, bu bayram bütün azərbaycanlıları vahid amal, bir kimlik və Vətən ətrafında birləşdirən mühüm tarixdir. Gürcüstan, xüsusilə də Batumi şəhəri azərbaycanlıların sülh, qarşılıqlı hörmət və dostluq şəraitində yaşadığı məkanlardan biridir. Burada yaşayan soydaşlarımız cəmiyyətə inteqrasiya etməklə yanaşı, milli-mənəvi dəyərlərimizi, dilimizi, mədəniyyətimizi və adət-ənənələrimizi qoruyub saxlayırlar.
Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsinə, onların hüquq və maraqlarının qorunmasına daim xüsusi diqqət göstərir. Bu sahədə həyata keçirilən dövlət siyasətinin əsasında məhz azərbaycanlıların həmrəyliyi və birliyi dayanır.
“Əminəm ki, Batumidə yaşayan azərbaycanlı icması bundan sonra da həmrəylik nümayiş etdirəcək, gənc nəslin milli ruhda yetişməsinə və Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafına layiqli töhfələrini verməyə davam etdirəcəkdir”, - deyə F.Əzizov vurğulayıb.
Sonda, 2025-ci il ərzində keçirilmiş tədbirlərdə fəal iştiraklarına görə Bazar günü məktəbinin müəllimi Aynurə Quluzadə və təhsildə fərqlənən uşaqlar təşəkkürnamə ilə təltif olunublar.
Sonda diaspor fəaliyyəti ilə bağlı qısametrajlı film nümayiş etdirilib.(AZƏRTAC)



23:15 20.12.2025
Oxunuş sayı: 1023