Stokholmda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib
İsveçin paytaxtı Stokholm şəhərində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri təşkil olunub.
Crossmedia.az xəbər verir ki, İsveç–Azərbaycan Birliyi (SAF) və Azərbaycan Mədəniyyət Dərnəyi tərəfindən keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Tacikistan və Suriyadan olan diaspor nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqlərində SAF-in sədri Sevda Dadaşova və Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Səməd İlkinli qonaqları salamlayaraq bildiriblər ki, ən böyük sərvətimiz olan həmrəyliyimizi, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi qorumaq, milli kimliyimizi yaşatmaq və onu gələcək nəsillərə ötürmək hər birimizin borcudur.
“Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik ideyaları və diaspor sahəsində gördüyü işlər sayəsində dünya azərbaycanlıları hər zaman Vətənə bağlılıq, qürur və sevgi hissini yaşaya bilirlər”, - deyə S. Dadaşova qeyd edib.
Azadlıq Dərnəyinin sədri Əsəd Asadi çıxış edərək vurğulayıb ki, bu gün bayramlarımızı sülh şəraitində qeyd etməyimizə görə dövlətimizin başçısı İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə borcluyuq.
Beynəlxalq Media Qrupun sədri, rejissor Rahim Sadıqbəyli çıxış edərək deyib ki, dekabrın 31-i Şimali və Cənubi Azərbaycandakı azərbaycanlıların, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birləşdiyi gündür.
“Biz çox xoşbəxtik ki, artıq Azərbaycan torpaqları işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib və keçmiş məcburi köçkünlər evlərinə qayıdırlar. Həmrəyliyimiz daim olsun”, - deyə Qarabağ Cəmiyyətinin sədri Cavanşir Əmir Haşımı bildirib.
Tədbirdə iştirak edən Stokholmdakı Şimali Kipr Türk Nümayəndəliyinin rəhbəri Hakan Aksoy da qonaqları bayram münasibətilə təbrik edərək vurğulayıb ki, Şimali Kipr və Azərbaycan dost ölkələrdir və “bir millət, üç dövlət” prinsipi ilə yollarına davam edəcəklər.
Daha sonra Qobustan Aydınlar Ocağının sədri Səadət Kərimi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təqvimə salınmış bu tarixi günün əsas ideyası azərbaycançılıq və birlikdir.
Tədbir konsert proqramı ilə davam edib. Türkiyənin Ankara şəhərindən dəvət olunmuş müğənni Cavid Təbrizli və Azərbaycandan gələn Günel Həmdili şən mahnıları ilə tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər.





21:12 20.12.2025
Oxunuş sayı: 1360