Naxçıvanda “Suverenlik kuboku” uğrunda voleybol birinciliyi başa çatıb
Naxçıvan şəhərində Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə yeniyetmə oğlanlar və qızlar arasında “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Suverenlik kuboku” uğrunda voleybol birinciliyi keçirilib.
Crossmedia.az xəbər verir ki, dekabrın 20-də Olimpiya İdman Kompleksində birinciliyin final görüşləri olub.
Finalda qızlarda “Möminə xatun” və “Gənc Milli Qızlar”, oğlanlarda isə “Gənc Milli Oğlanlar” və “Murov AZ Terminal” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunlarda “Gənc Milli Qızlar” və “Gənc Milli Oğlanlar” komandaları birinci yerə layiq görülüb. İlk üç yerə çıxan komandalar mükafatlandırılıb.
Oğlanlar arasında keçirilən birinciliyin qalibi olmuş “Gənc Milli Oğlanlar” komandasının üzvlərinə kubok və medalları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, qızlar arasında birinciliyin qalibi olmuş "Gənc Milli Qızlar” komandasına kubok və medalları isə Azərbaycan Voleybol Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov təqdim ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialının birgə təşkilatçılığı ilə keçirilən və 3 gün davam edən voleybol turnirində Azərbaycan və Türkiyəni təmsil edən 4 qız və 4 oğlan komandası mübarizə aparıb.(AZƏRTAC)




20:40 20.12.2025
Oxunuş sayı: 1090