Şəhid polkovnik-leytenant Rəşad Sadıqovun xatirəsi yad edilib
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Rəşad Sadıqova həsr olunmuş anım mərasimi, eləcə də onun həyat və döyüş yolundan, nümunəvi zabit kimi xidmət illərindən bəhs edən "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabının təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhid polkovnik-leytenant Rəşad Sadıqovun həyat və xidmət illərini əks etdirən videoçarx nümayiş olunub.
Şəhidin anası Fəlakət Hüseynova, qardaşı Səbuhi Sadıqov, övladı Nihad Sadıqov, əmisi Sadıq Həsənov Rəşad Sadıqovla bağlı xatirələrini bölüşüb, onun elmə, təhsilə olan marağından, Vətən sevgisindən və hərbi xidmətə sonsuz bağlılığından, ailəsinə, tabeçiliyində olan şəxsi heyətə qayğıkeş münasibətindən geniş söhbət açıblar. R.Sadıqovun doğmaları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də Müdafiə Nazirliyinə minnətdarlıqlarını bildirib, anım tədbirinin təşkilində əməyi keçən hər kəsə təşəkkür ediblər.
"Xatirələrin işığında: Rəşad Sadıqov" kitabının müəllifi, eləcə də Rəşadın döyüş yoldaşı Amil Məhərrəmoğlu şəhid zabit yoldaşı barədə xatirələrini bölüşüb, kitabın hazırlanması ilə bağlı görülən işlərdən danışıb və iş prosesində, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib. Müəllif belə kitabların şəhidlərin xatirəsinin daima ehtiramla yad edilməsində, gənc nəslin və hərbi qulluqçuların hərbi vətənpərvərlik tərbiyəsində səmərəli vasitə olduğunu xüsusi qeyd edib.
Şəhid zabitin hələ xidmət dövründə göstərdiyi bir çox qəhrəmanlıq nümunələrinin insanlıq adına, zabit şərəfinə nümunə çəkiləcəyi bir daha diqqətə çatdırılıb. Belə ki, onun 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında baş verə biləcək faciəvi qəzanın qarşısını alaraq kursantların həyatını xilas etməsi, 2019-cu ildə Goranboy rayonunda xidməti yerinə gedərkən Ballıqaya kəndi ərazisində yanan evin söndürülməsində və iki yaşlı körpəni yanğından xilas etməsində göstərdiyi şücaətin dillər əzbəri olduğu vurğulanıb.
Daha sonra kitabın redaktoru ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov Rəşadı şəxsən tanımadığına heyfsilənsə də, kitabın hazırlanması prosesində onun haqqında xatirələri oxuduqca şəhidin savadlı, peşəsini sevən bir zabit, Vətən, xalq üçün canını verməyə daima hazır olan bir insan kimi tanıdığını deyib. "Rəşad xidmətdə nə qədər ciddi idisə, evdə ailədə bir o qədər gülərüz, şən, xoşbəxt olurdu. O, qayğıkeş ailə başçısı, ünsiyyətdə səmimi, mədəni zabit kimi xatirələrdə yaşayır, ehtiramla anılır.
“Kitab var ki, dağlar boyda abidə, kitab var ki, ömür boyda xatirə. "Xatirələrin işığında: Rəşad Sadıqov" kitabı da şəhidlərimizin həyat xatirəsini yaşadan kitablar silsiləsindəndir. Allah qatında şəhidlər ölü sayılmırlar, diridirlər, insanlar qatında isə biz onları xatırladıqca onlar daima yaşayacaqlar, ruhları şad olacaq. Bu kitab da məhz şəhidlərin xatirəsini yaşatmağa, əbədi etməyə, hörmətlə anmağa xidmət edir” – deyə İ.İsmayılov bildirib.
Daha sonra hörmət, ehtiram əlaməti olaraq kitabın ilk nüsxəsi şəhidin anasına təqdim edilib.
Kitab, həmçinin müəllif tərəfindən şəhidin oğlu Nihad Sadıqova da təqdim olunub.
Daha sonra çıxış edənlər - ehtiyatda olan polkovnik Mirqiyas Rüstəmov, zabit yoldaşları Elnur Tarverdiyev, Yalçın Alıyev şəhid zabitimiz Rəşad Sadıqovla olan görüşlərindən, onunla birlikdə xidmət dövründə şahid olduqları maraqlı hadisələrdən, xidmət və Vətən müharibəsi dövründə göstərdiyi şücaətlərindən danışıblar.
Tədbir bədii hissə ilə davam edib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri hərbi vətənpərvərlik mövzusunda musiqi nömrələri səsləndiriblər.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Rəşad Sadıqov hərbi əməliyyatlarda göstərdiyi şəxsi igidlik nümunələrinə və hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqların icrasında fəal iştirak etdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.
15:45 20.12.2025
Oxunuş sayı: 1009