Fransa və Ermənistan yenə bir arada: Yeni savaşa hazırlıq görülür?
Ermənistan və Fransa müdafiə nazirlikləri 2026-cı il üçün müdafiə əməkdaşlığı proqramını imzalayıb. Sənəd iki ölkə arasında hərbi və strateji sahədə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Razılaşma dekabrın 15–16-da Parisdə keçirilən ikitərəfli strateji məsləhətləşmələr nəticəsində əldə olunub. Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan başçılıq edib. Məsləhətləşmələr çərçivəsində Fransa Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr və strategiya idarəsinin rəhbəri Giyom Olanye ilə də görüşlər keçirilib. Növbəti strateji məsləhətləşmələrin İrəvanda təşkili planlaşdırılır.
Siyasi şərhçi Cavanşir Abbaslı məsələ ilə bağlı Crossmedia.az-a bildirib ki, Fransa hələ də əvvəlki siyasi xəttindən geri çəkilməyib. Onun sözlərinə görə, Fransanın əsl mövqeyi 2020-ci ilin Vətən müharibəsi dövründə açıq şəkildə ortaya çıxmışdı:

“44 gün ərzində Azərbaycan haqq savaşını apararkən Makron hakimiyyəti birmənalı şəkildə ölkəmizə qarşı mövqe tuturdu. Hətta Azərbaycanın guya Qarabağda işğalçı müharibə apardığı ilə bağlı əsassız açıqlamalar da səsləndirilirdi”.
Şərhçi xatırladıb ki, həmin dövrdə Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfəri Fransa–Ermənistan münasibətlərinin mahiyyətini açıq şəkildə göstərmişdi:
“Bütün bunlardan sonra Fransa–Azərbaycan əlaqələrində ciddi eniş yarandı və münasibətlər bu günə qədər normallaşmayıb. Azərbaycan keçmişi unutmur və Fransanın daim ermənipərəst mövqedən çıxış etdiyini yaxşı bilir. Fransanın vaxtilə dəstəklədiyi və artıq tarixə qovuşmuş qondarma rejimlə bağlı mövqeyi də rəsmi Bakı tərəfindən diqqətlə izlənilir. Ona görə də Fransa ilə münasibətlərin düzəlməsində Azərbaycan maraqlı tərəf kimi görünmür. Bu vəziyyətin əsas günahkarı Fransanın hazırkı siyasi hakimiyyətidir”.
Şərhçiyə görə, Ermənistanla bu tip müdafiə əməkdaşlıqları gələcəkdə də davam edə bilər, lakin bu, region üçün real təhlükə yaratmır:
“Biz zaman-zaman belə əməkdaşlıqların şahidi olmuşuq. Buna baxmayaraq, Azərbaycan Vətən müharibəsində öz gücünü nümayiş etdirdi. Təkcə Ermənistanı yox, onun arxasında dayanan Fransa kimi havadarlarını da diplomatik masada məğlub etdi. Fransa bu reallığı hələ də qəbul edə bilmir və Ermənistanı müxtəlif yollarla həvəsləndirməyə çalışır. Yeni bir müharibə ssenarisinin baş tutacağını düşünmürəm. Ermənistan artıq müharibə aparmaq iqtidarında deyil. İkinci ‘dəmir yumruq’ onların dövlətçiliyini ciddi sual altına qoya bilər”.
O, hesab edir ki, bu cür proqramlar daha çox imtiyaz xarakteri daşıyır və Azərbaycana heç bir təhlükə yaratmır:
“Regiondakı güc balansını Azərbaycan dəyişib və Qafqazın lider dövləti olduğunu tam sübut edib. Bunu Fransa hakimiyyətləri də yaxşı anlayır. Yaxın illərdə regionda təhlükəsizlik balansının pozulacağını düşünmürəm”.
Mehriban Yariyeva
20:09 19.12.2025
Oxunuş sayı: 1121