Euronews Şuşa haqqında reportaj hazırlayıb
Euronews kanalı Azərbaycanın mədəni beşiyi kimi tanınan Şuşa şəhəri haqqında reportaj yayımlayıb. Reportajda Şuşa ölkənin ən tarixi və mədəni əhəmiyyətə malik şəhərlərindən biri kimi təqdim olunur və şəhərin simasının əsrlər boyu formalaşdığı vurğulanır. Qeyd edilir ki, turistlər Şuşa qalası, Cıdır düzü və Vaqif məqbərəsi kimi məşhur tarixi məkanları ziyarət edə bilirlər. Bu yerlərdə poeziya və tarixi yaddaş bu gün də şəhərin kimliyinin formalaşmasında mühüm rol oynayır.
Crossmedia.az bildirir ki, reportajda Şuşanın musiqi irsinə xüsusi diqqət yetirilir. Şəhərin məşhur bəstəkar Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı ilə bağlılığı, eləcə də muğam ənənəsinin Şuşa mədəniyyətində tutduğu mühüm yer vurğulanır.
Materialda həmçinin Şuşanın zəngin mədəni irsinin xalçaçılıq, memarlıq və milli mətbəxdə də özünü göstərdiyi qeyd olunur. Bərpa olunmuş tarixi abidələr və yerli sənətkarların fəaliyyəti qədim ənənələrin bu gün də yaşadığını və müasir mədəni həyata ilham verdiyini açıq şəkildə nümayiş etdirir.
12:41 19.12.2025
Oxunuş sayı: 5473