Bakı- Ankara-İrəvan üçbucağında nə baş verir?- Əsas məqsəd açıqlandı
Cənubi Qafqazda regional əməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası gündəmdə qalmaqda davam etdiyi bir dövrdə Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqlar yenidən diqqət mərkəzinə düşüb. Rəsmi İrəvan Ankara ilə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və regional infrastrukturun blokdan çıxarılması məqsədilə ardıcıl və konstruktiv dialoqu davam etdirdiyini bəyan edir. Ermənistanın İranda fövqəladə və səlahiyyətli səfiri Qriqor Akopyanın açıqlamaları tərəflər arasında təmasların intensivləşdiyini və əldə olunmuş razılaşmaların praktiki icrasının müzakirə edildiyini göstərir.
Ankara- İrəvan münasibətlərinin hazırkı durumu və perspektivi barədə Crossmedia.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, ikitərəfli əlaqələr son dövrlərdə xeyli intensivləşir: "Türkiyənin bəzi dairələrində belə hesab edirlər ki, Azərbaycan-İrəvan münasibətləri nisbətən ləng gedir, lakin bu, tam doğru deyil. Buna görə də onlar həm iki keçid sərhəd məntəqəsinin açılmasını, həm də ortada diplomatik münasibətlərin qurulmasını sürətləndirmək istəyirlər. Azərbaycan isə bu məsələyə ehtiyatla yanaşır. İrəvan bildirir ki, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü ilə bağlı iddiaları birbaşa müqavilə bağlanandan sonra da həll oluna bilər, çünki bunun üçün referendum və digər prosedurlar nəzərdə tutulur və müəyyən zaman mövcuddur. Beləliklə, məqsəd Türkiyə, Azərbaycan və İrəvanın birgə sərhəd müqaviləsini və sərhədlərin açılmasını eyni vaxtda həll etməsidir. Təbii ki, Azərbaycan İrəvana tam etibar etmir və prosesdə ehtiyatlı davranır. Bununla belə, sərhədlərin açılması və digər məsələlərin həllində müəyyən etimad zəruridir".
Politoloq, həmçinin Türkiyənin bəzi dairələrdə hesab edir ki, artıq tərəflər konkret addımlar atmağa hazırdır və sərhədlərin açılması ilə bağlı prosesin sürətləndirilməsinin mümkün olduğunu qeyd edib: "Hazırda Türkiyə ilə İrəvan arasında münasibətlər daha pozitiv istiqamətdə inkişaf edir və Azərbaycan tərəfi də İrəvanla danışıqları fəallaşdırır. Ümid var ki, həm Türkiyə, həm Azərbaycan, həm də İrəvan eyni zamanda sərhəd müqaviləsi və sərhədlərin açılması məsələlərini müzakirə edib yekun qərara gələ biləcəklər".
Elmir Heydərli
12:07 19.12.2025
Oxunuş sayı: 5938