Millət vəkili gələn il Ermənistanla sülh sazişinin imzalanması üçün şərtləri açıqlayıb
Cənubi Qafqazda uzun illərdir davam edən gərginlik fonunda sülh məsələsi artıq abstrakt arzu deyil, konkret siyasi mərhələnin mövzusuna çevrilməkdədir. Regional və qlobal proseslərin eyni anda hərəkətə keçdiyi bir vaxtda tərəflərin mövqeləri, gözləntiləri və qarşılıqlı şərtləri daha aydın görünür. Xüsusilə qarşıdakı aylar baş verə biləcək proseslərin istiqamətini müəyyənləşdirəcək əsas dönəm kimi qiymətləndirilir. Məhz bu kontekstdə sülh anlayışı təkcə müharibənin bitməsi deyil, suverenlik, təhlükəsizlik və strateji maraqların təmin olunması prizmasından dəyərləndirilməlidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib: "2026-cı ilin sülh ili kimi tarixə düşməsi üçün bütün real perspektivlər mövcuddur. Əgər fevral ayında gözlənilməz hər hansı hadisə baş verməzsə və martın 20-də keçiriləck parlament seçkilərin nəticələri proqnozlaşdırıldığı kimi olarsa, böyük ehtimalla 2026-cı ilin ikinci yarısında sülhün reallaşmasına şahid ola bilərik. Lakin bu sülh yalnız Azərbaycanın maraqlarına və irəli sürdüyü şərtlərə uyğun olduğu təqdirdə mümkün olacaq. Əks halda, bu, Azərbaycanın qəbul edə biləcəyi sülh hesab olunmayacaq. Məhz bu baxımdan sülhün taleyi birbaşa Zəngəzur dəhlizinin hansı şərtlərlə, hansı iş rejimində və hansı hüquqi statusla açılacağından asılıdır. Ümid edirik ki, bu proses Azərbaycanın gözləntilərinə və beynəlxalq hüquqa uyğun şəkildə həyata keçiriləcək".
Ayhan
11:43 18.12.2025
Oxunuş sayı: 5026