MEK direktoru İstanbulda beynəlxalq konfransda çıxış edib
16-18 dekabr tarixlərində İstanbul şəhərində keçirilən “Nadir əsərlər. Köklərdən kodlara:nadir əsərlər və süni intellekt” adlı II beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Türkiyənin İbn Haldun, İstanbul və İstanbul Mədəniyyət Universitetlərinin təşkilatçılığı ilə baş tutan konfransda Almaniya, Hindistan, Qazaxıstan, Rumıniya kimi ölkələrdən elm və mədəniyyət xadimlərinin, Türkiyə universitetlərinin nümayəndələrinin, kitabxana rəhbərlərinin iştirakı ilə sessiyalar keçirilib. MEK direktoru konfransda “Nadir kitablar” fondunun rəqəmsallaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində MEK-in Nadir kitablar fondunun ölkənin ən zəngin məlumat mənbələrindən biri olduğunu vurğulayıb. Burada saxlanılan elmin bütün sahələrinə aid 12 minə yaxın qiymətli əsərlərin dünya elminin inkişafında mühüm mənbə rolunu oynayaraq tədqiqatçıların yeni faktlar əldə etməsinə imkan yaradan unikal informasiya xəzinəsi olduğunu qeyd edib”.
Daha sonra xəbərdə, “çıxışda vurğulanıb ki, MEK-də ən müasir texnologiya vasitəsi ilə kitablar skan edilir, konvertasiya olunur və elektronlaşdırılır, bərpasına ehtiyac duyulan kitabların restavrasiyası diqqət mərkəzində saxlanılır. Direktor bildirib ki, kitabların rəqəmsallaşdırılması oxucuya qısa zaman kəsiyində kitab, məqalə, foto, xəritə və digər materialları əlçatan edir. Eləcə də nadir və köhnə kitabların elektron versiyasının yaradılması orijinal kitabın zədələnmə, itmə ehtimalı azaldır. MEK-də həyata keçirilən rəqəmsallaşdırma layihələri, Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi, elektron kataloqlar, beynəlxalq verilənlər bazalarına çıxış imkanları barədə ətraflı məlumat təqdim olunub” deyə bildirilir.
Konfransda, həmçinin rəqəmsal irsin qorunması, maddi-texniki təminat, kitabxana-informasiya sahəsində süni intellektin tətbiqi müzakirə edilib.
Sonda H.Hüseynova sertifikat təqdim olunub.
11:12 18.12.2025
Oxunuş sayı: 1286