Separatçı ofisin bağlanması Ermənistanın sülh mövqeyini təsdiqləyir - Politoloq
Qarabağdan köçmüş və özlərini “Artsax hökuməti” adlandıran separatçı qruplaşmanın İrəvanda fəaliyyət göstərən ofisinin ilin sonuna qədər bağlanması gündəmin əsas mövzularından birinə çevrilib. Eyni zamanda, 11 dekabrda aparılan axtarışlar nəticəsində həmin ofisin yerləşdiyi binanın dövlət tərəfindən müsadirə olunma ehtimalı gündəmə gəlib. Hüquqi baxımdan bu addım separatçı fəaliyyətlərin qanun çərçivəsində məhdudlaşdırılması və xarici təzyiqlərə qarşı sərt mövqenin nümayişi kimi qiymətləndirilir. Ofisin bağlanması həm də Ermənistan daxilində rəsmi İrəvanın sülh yönümlü siyasətini konkret hərəkətlərlə təsdiqləməsi anlamına gəlir. Beynəlxalq aləmdə isə bu qərar bir neçə istiqamətdə oxuna bilər: Bir tərəfdən, regionda sülh və sabitlik istiqamətində atılan addım kimi qəbul edilə, digər tərəfdən isə separatizmin maliyyə və təşkilati bazasının zəiflədilməsinə yönəlmiş ciddi mesaj kimi şərh oluna bilər. Bu, həm də dünyada fəal olan digər separatçı hərəkatlar üçün nümunəvi addım kimi diqqət çəkə bilər.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Crossmedia.az-a açıqlama verib. O bildirib ki, zaman-zaman Ermənistanda separatçıların baş qaldırması, revanşçı meylilik onun sülh ritorikasında səmimiyyətdən uzaqlığını göstərir: ‘’Hətta Ermənistanda separatçılar müəyyən bir formada təşkilatlanma imkanlarını da nümayiş etdirirdilər. Hesab edirəm ki, separatçıların ümumiyyətlə, Ermənistanda fəaliyyətinə son qoyulması bütövlükdə, regionda sülh istiqamətində atıla biləcək ən təsirli addımlardan olacaqdır. Ermənistan rəsmiləri Azərbaycanla sülh əldə etməyin tərəfdarı olduğunu bildirirlər və xüsusilə də son dövrlərdə bu istiqamətdə intensiv mövqələr sərgilənməkdədir. 2025-ci il avqust ayının 8-ci Vaşinqton Razılaşmasından sonra isə sülhün əldə olması istiqamətində bir sıra addımlar atılmış oldu. Bunlardan ən təsirli addımlardan biri də ondan ibarət oldu ki, Azərbaycan tərəfi öz ərazisindən Ermənistana yüklərin tranzitinə şərait yaratmış oldu. Biz bununla da sülh istiqamətində mövqələrimizin tam səmimi olduğunu nümayiş etdirdik. Sözsüz ki, Ermənistan da analoji tərzdə davranmalıdır’’.
Politoloq qeyd edib ki, Ermənistanda separatçıların ofisinin hələ də fəaliyyət göstərməsi rəsmi İravanın sülhlə bağlı sərgilədiyi mövqələrə kölgə salır: ‘’Yəni, Azərbaycana belə ki, separatizmin hələ də tərəfdaşlarının Ermənistanda öz ofisinə sahib olması, fəaliyyət imkanlarına malik olması Azərbaycana ərazi iddialarının hələ də qaldığına təvəllüt edir. Ona görə də bunlara bir dəfəlik son qoyulmalıdır. Sözsüz ki, separatçıların heç bir halda ofisi fəaliyyət göstərə bilməz. Ermənistan hökuməti bu istiqamətdə qətiyyətli adımlar atarsa, düşünürəm ki, bu, onun sülh retorikasında səmin olduğunu göstərə bilən adım olar. Düşünürəm ki, təkcə regional məsələ deyil, eyni zamanda beynəlxalq səviyyədə bir nümunə yarada bilər. Belə ki, dünyada hazırda fəal separatsizm ocaqları mövcuddurlar. Onlar da həm mövcud olduqları coğrafiyada, həm də qlobal səviyyədə təhlükəsində ciddi təhdid yaradırlar. Azərbaycan öz ərazisində separatsizm ocağını tamamilə söndürdü, lakin Ermənistanda separatçıların hələ də təşkilatlanma imkanlarının qalması, ofislərinin fəaliyyət göstərməsi regionda separatsizmə meyilliliyin göstəricisidir’’
Politoloq düşünür ki, bu çox doğru addım olacaqdır: ‘’Ayrıca olaraq Ermənistandakı separatçı qalıqlarının özləri də çox aydın dərk edirlər ki, onların bundan sonraki fəaliyyətinin hər hansı bir nəticəsi mümkün ola bilməz.
Bugün yenə də separatsizmi, separatçı və revansçı hisslərlə yaşamaq sadəcə olaraq boşu-boşuna vaxt etkisidir. Azərbaycan bir dəfəlik öz ərazisində separatsizmin kökünü kəsdi və bundan sonra revansçıların və separatçıların Azərbaycana qarşı yönəlik hər hansı bir addım atması qeyri-mümkündür. Bunun üçün heç vaxt imkan olmayacaqdır.
Ermənistandakı qalıqların özləri də çox aydın dərk edirlər ki, onların bundan sonraki fəaliyyətinin hər hansı bir nəticəsi mümkün ola bilməz’’.
Sevinc Yarməmmədova
09:07 18.12.2025
Oxunuş sayı: 3407