Qəzaların sayı artır: Keyfiyyətsiz asfalt, keçidlərin və səkilərin normal olmaması əsas problemdir
Son zamanlarda şəhər yollarında qəzaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu hadisələr zamanı təkcə sürücülər deyil, piyadalar da ciddi risk altına düşür. Yol qəzalarının artmasının səbəbləri ilə bağlı fərqli fikirlər səslənir, lakin dəqiq və peşəkar izah üçün ekspertlərə müraciət etmək zəruridir. Bu məqsədlə şəhər yollarının vəziyyəti və qəzaların səbəbləri barədə ekspert Adil Nəbiyevin fikirlərini öyrəndik.
Bu barədə Crossmedia.az-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev yollarda olan qəzaların artmasının ilk səbəbinin yolarımızda olan problemın olduğunu bildirib: "Keyfiyyətsiz asfalt, keçidlərin və səkilərin normal olmaması əsas problemlərdir. Bu da qəzaya gətirib çıxarır. Yollarda demək olar ki, işıqlandırmanın olmaması, olsa da çox zəif olmasına görə, sürücü tanımadığı yolda risk edir".
Ekspert bir neçə gündür paytaxtda davam edən yağışlar nəticəsində asfaltın nə vəziyyətə düşdüyünü qeyd edib: "Bir neçə gündür yağışlar dayanmır. Yağış yağır, asfalt əriyib gedir. Asfaltın materialı elə bil qənddəndır.Sürücü yamaya düşməmək üçün nə etsin? İşıqlandırma da yoxdur, xətlənmə normal deyil. Sürücü yamanı son anda görür və kəskin hərəkətlərlə - sükanı çevirməklə yamaya düşməməyə çalışır. Bu zaman da qəzalar baş verir. Sadaladığım bütün hallar düzəlsə - yollarda həm yol səddi yaxşı olsa, yağış yağan kimi yollar sürüşkən olmasa, bu hallar azalar. Xətlənmələrə milyonlarla pul ayrılır amma görünmür xətlər. Yağış yağanda isə ümumiyyətlə görsənmir".
Nəbiyev şəhər kənarlarından heç danışmağın mümkün olmadığını deyib: "Bizim yollar bu sadaladığım məqamlarda 50% bərbad gündədir. Əlbəttə digər səbəb də sürücünün idarə etməsini bilməməsidir. Yeni öyrənən çalışır təcrübə yığsın. Bu təcrübə üçün də təlimlərə getmək əvəzinə özləri təcrübə öyrənir".
Fatimə Məmmədova
13:19 13.12.2025
Oxunuş sayı: 1411