Euronews Qəbələ haqqında reportaj hazırlayıb
Euronews telekanalı Azərbaycanın dağ kurortu olan Qəbələ barədə geniş reportaj yayımlayıb. Reportajda qeyd olunur ki, Qəbələ sakitliklə enerjinin vəhdət təşkil etdiyi, meşələrə, dərələrə və səmalara açılan füsunkar mənzərələri ilə seçilən bir məkandır. Süjetdə Tufandağ xizək kurortuna xüsusi diqqət ayrılıb. Bildirilir ki, burada ziyarətçilər xizək sürmə, piyada gəzintilər və hava uçuşları vasitəsilə sakit yüksəkliklərdən həyat dolu mənzərələrə doğru səyahət edə bilərlər.
Crossmedia.az xəbər verir ki, repotajda Qəbələnin yaxınlığında yerləşən Nic kəndindən bəhs olunur.
Udi icması qədim xristian ənənələrini öz dili, milli mətbəxi və yerli sakinlərin iştirakı ilə yaradılmış muzey vasitəsilə qoruyub saxlayır.
Süjetin sonunda Savalan vadisindən söz açılır. Qeyd edilir ki, münbit torpaqlar və əlverişli iqlim şəraiti burada yüksək keyfiyyətli yerli şərabların istehsalı üçün ideal imkanlar yaradır.
Euronews-un vurğuladığına görə, tarixi irsdən və qastronomiyadan tutmuş aktiv istirahətə qədər Qəbələ Azərbaycanın şimal bölgəsinin zəngin müxtəlifliyini əks etdirir.
Günel Verdiyeva
12:37 13.12.2025
Oxunuş sayı: 1279