Heydər Əliyev və Azərbaycan ideologiyası
Hər bir xalqın tarixində onun elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirən görkəmli şəxsiyyətləri var. Məhz Heydər Əliyev də Azərbaycan xalqının tarixində nadir simalardan biri, türk dünyasının qüdrətli şəxsiyyəti kimi tanınır. Hələ ötən əsrin 70-80-ci illərindən Azərbaycana rəhbərlik etdiyi dövrdə əsasını qoyulmuş olduğu milli inkişaf prosesi onun yorulmaz əzmkarlığının bəhrəsi kimi bugun də özünü göstərməkdədir. Müstəqil Azərbaycanın əsası iqtisadi, habelə mənəvi bünövrəsi Heydər Əliyev uzaqgörənliyinin inşasıdır. Milli-mənəvi dəyərlərinin qorunub saxlanması Ulu Öndərin ciddi önəm verdiyi və diqqət mərkəzində saxladığı prioritetlərdən olmuşdur. Heydər Əliyev siyasətinin həmişəyaşarlığı onun bütün sahələrdə olan fəaliyyət prinsiplərində özünü göstərir. Ümummilli lider Heydər Əliyevin əzmkar siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır.
Bütün ömrünü, fədakar fəaliyyətini Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatının inkişafına sərf etmiş, respublikamızın beynəlxalq aləmdə geniş miqyasda tanınması üçün əlindən gələni əsirgəməmişdir. Azərbaycanın elə bir fəaliyyət sahəsi yoxdur ki, ümummilli liderin diqqətindən kənarda qalsın. Milli birliyin təminatı, vahid milli mənafe ətrafında birləşmək dövlət quruculuğunun əsas vəzifələrindən biridir. Bütün dünyada yaşayan azərbaycanlıların birliyini təmin edə biləcək ən mühüm vasitə vahid ideologiya ətrafında birləşməkdir ki, bu da Heydər Əliyev siyasətinin nəticəsi olaraq xalqı bir ideya, məqsəd ətrafında birləşdirmək missiyası olub.
1990-cı ilin Qanlı Yanvarından sonra həyatına yönəlmiş təhdidlərə baxmayaraq, tarixin ən acı günlərini yaşayan xalqı ilə birlikdə olmuş, onu tək qoymamışdır. Heydər Əliyev obrazı özündə prinsipiallığı, mətinliyi, dövlətçilik dəyərlərinə sadiqliyi əks etdirir, yəni sözün əsl mənasında, siyasi ustalıq, dərin zəka, müdriklik, fədakarlıq və vətənpərvərlik nümunəsidir. 1993-cü il iyununda Azərbaycanda yaranmış xaotik vəziyyət, vətəndaş müharibəsi təhlükəsi xalqın Heydər Əliyevi Bakıya dəvət etməsilə nəticələndi. Xalq düşmüş olduğu mövcud vəziyyətdən çıxış yolunu ancaq Heydər Əliyev təcrübəsində görürdü. Həmin il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin də icrasına başladı. Dünya təcrübəsindən məlumdur ki, liderlərin uğur qazanmasında onların şəxsi keyfiyyətləri ilə yanaşı, xalqına bağlılıq, milli maraqların prioritetlik səviyyəsi kimi amillər də mühüm rol oynayır. Ulu Öndər də xalqı düşündürən problemlərin həllini göstərməklə kifayətlənmir, həm də onların aradan qaldırılmasına bilavasitə rəhbərlik edirdi. Azərbaycanın kifayət qədər ağır, mürəkkəb bir dövründə hakimiyyətə qayıdan H.Əliyev siyasətinin əsas prioriteti müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, üzləşdiyimiz müxtəlif təhdidlərin aradan qaldırılması, dövlətimizin beynəlxalq münasibətlər sistemində tanınması, ərazi bütövlüyümüzün təmin edilməsi, enerji strategiyası və “neft diplomatiya”sı vasitəsilə iqtisadi və siyasi gücümüzün artırılması, sülhün, əmin-amanlığın bərqərar olması ideologiyası olmusdur. Heydər Əliyevin daxili və xarici siyasəti elmi-siyasi baxımdan çoxvektorludur.
Ceyhun Parlanov
Azərbaycan Televiziya və Radio Verilişləri QSC əməkdaşı,
Bakı Dövlət Universiteti Politologiya kafedrasının müəllimi
13:00 12.12.2025
Oxunuş sayı: 2162