Əlcəzairdə Ulu Öndərin əziz xatirəsi anılıb
Dekabrın 11-də Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Crossmedia.az xəbər verir k, səfirlikdən verilən məlumata görə, tədbirdə səfirlik əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Əlcəzairdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər. Səfir Tural Rzayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində tarixdə silinməz izlər buraxan xidmətlərini bir daha diqqətə çatdırıb.
T.Rzayev vurğulayıb ki, 12 dekabr - Azərbaycan xalqı üçün təkcə bir anım günü deyil, həm də Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı misilsiz tarixi rolun dərk olunması günüdür. Heydər Əliyevin müdrik dövlətçilik irsi bu gün onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz dövlətimizin başçısı İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyətli liderliyi və müzəffər komandanlığı nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb, ölkəmizin beynəlxalq hüquqla tanınmış əraziləri işğaldan azad edilib. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin məntiqi və şanlı nəticəsidir.
Tədbir çərçivəsində iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən fotosərgi ilə də tanış olublar. Sərgidə təqdim olunan arxiv materialları, şəkillər və tarixi sənədlər Heydər Əliyevin Azərbaycanın inkişafındakı əvəzsiz roluna bir daha işıq salıb.
Tədbir iştirakçıları Ulu Öndər haqqında sənədli filmə baxıblar.
Qeyd edək ki, Ümummilli Liderin vəfatının ildönümü ilə bağlı yazılar Əlcəzairin, Tunisin və Mavritaniyanın nüfuzlu xəbər portallarında yayımlanıb.





19:20 11.12.2025
Oxunuş sayı: 1049