Sahibkarlığa dəstək siyasəti Ümummilli Liderin strateji kursunun davamıdır
İș Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi dəstək və diqqətlə bağlı Crossmedia.az-a açıqlama verib.
Açıqlamada bildirilir ki, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və sahibkar təbəqəsinə göstərilən xüsusi qayğı ölkədə KOS sektorunun möhkəm təməllər üzərində formalaşmasına şərait yaradıb. Qeyd olunur ki, ulu öndərin strateji baxışı, qanunvericilik islahatları və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı atdığı addımlar sahibkarlığın ölkə iqtisadiyyatının aparıcı dayaqlarından birinə çevrilməsində mühüm rol oynayıb.
Tural Mustafayev bildirib ki, bu gün Azərbaycanda dinamik və rəqabətqabiliyyətli biznes ekosisteminin mövcudluğu məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunun nəticəsidir. Onun sözlərinə görə, sahibkarlığın stimullaşdırılması istiqamətində hazırda görülən işlər də ulu öndərin müəyyən etdiyi strateji xəttin ardıcıl davamı kimi qiymətləndirilməlidir.
“İCMA olaraq Ümummilli Liderimiz Heydər Əliyevin sahibkarlığa verdiyi dəyəri yüksək qiymətləndirir və onun iqtisadi irsinin ölkənin davamlı inkişafına mühüm töhfə verdiyini hesab edirik”, — açıqlamada vurğulanır.
18:01 11.12.2025
Oxunuş sayı: 1573