Azərbaycan-Slovakiya əlaqələri strateji müttəfiqlik səviyyəsində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 8 dekabr tarixində Slovakiya Respublikasına rəsmi səfəri, Bratislavada ölkə başçılarının təkbətək, geniş nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə verilən bayanatlar Azərbaycan–Slovakiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini növbəti dəfə təsdiqlədi. Heç şübhəsiz ki, bu səfər iki ölkənin münasibətlərində yeni siyasi dinamikanın formalaşmasından və əlaqələrin dinamik inkişafından xəbər verir.
Bratislavada Slovakiya Prezidenti ilə təkbətək formatda keçirilən görüş regional təhlükəsizlik, enerji əməkdaşlığı, ticarət əlaqələri və Avropa İttifaqı – Azərbaycan münasibətlərinin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu səfərin xüsusi əhəmiyyətini artıran mühüm amillərdən biri də budur ki, Azərbaycan və Slovakiya son illər ərzində beynəlxalq müstəvidə sıx əməkdaşlıq edən, diplomatik əlaqələrini gücləndirən nüfuzlu dövlətlər kimi çıxış edir. Bu səfər həm də iki ölkə arasında münasibətlərin konkret nəticələrə əsaslanan real tərəfdaşlığa çevrildiyini əyani şəkildə nümayiş etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin mətbuata verdikləri bəyanatlarda səsləndirilən fikirlər dost ölkələr arasında əməkdaşlıq, qarşılıqlı anlaşmanın nümunəvi səviyyəsindən xəbər verir. Bəyanatlarda iki ölkə arasında siyasi əlaqələrin ən yüksək səviyyədə olduğu, digər istiqamətlərdə də qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub. Slovakiya liderinin xüsusən də Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırması ölkəmizlə bağlı rəsmi Bratislavanın aydın mövqeyini ortaya qoydu: “Azərbaycan bu gün sülh şəraitində yaşayır və onun vətəndaşları, cəmiyyət diqqəti ölkənin inkişaf etdirilməsinə yönəldib. Artıq diqqət postmüharibə dövrünə yönəldilib”.
Slovakiya lideri Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla əməkdaşlığın genis sahələrdə davam etdirilməsində qətiyyətli olduqlarını bildirib: “Birgə müəssisələr, birgə şirkətlər, texnologiya ötürülməsi, yəni, biz bu sahədə daha da sıx çalışmaq əzmindəyik və əlbəttə ki, digər sahələr də ola bilər. Bildiyiniz kimi, slovak şirkəti Qarabağ bölgəsində “ağıllı kənd” inşa edir. Eyni zamanda, bizim ixrac-idxal bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır… Qeyd etmək istərdim ki, Azərbaycan və Slovakiya dost ölkələrdir”. Bu kontekstdə xüsusən də işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin layihələrdə iştirakı məmnunluqla qeyd olunub.
Azərbaycanın dövlət başçısı İlham Əliyev çıxışında vurğulayıb ki, Slovakiya və Azərbaycan artıq təkcə tərəfdaş deyil, səmimi dostluq telləri ilə bir-birinə bağlı olan, qarşılıqlı etimada əsaslanan iki strateji müttəfiqdir: “Səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır”.
Ölkə başçısının bu bəyanatı Azərbaycan–Slovakiya əlaqələrinin artıq sadə diplomatik münasibətləri aşaraq dərin strateji tərəfdaşlıq modelinə çevrildiyini sübut edir. Bu bəyanat son illərdə iki ölkə arasında imzalanmış sənədlər, həyata keçirilən birgə enerji layihələri, iqtisadi əməkdaşlığın sürətli dinamikası və siyasi dialoqun intensivliyi ilə üzvi surətdə bağlıdır və Azərbaycanın Avropanın sürətlə inkişaf edən ölkəsi ilə əlaqələrinin yüksələn inkişaf tempini göstərir.
Dövlət başçımız xüsusilə vurğulayıb ki, ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələri ən yüksək mərhələyə yüksəldərək əməkdaşlığın bütün istiqamətlərdə daha da dinamik inkişafına güclü təkan verib. Hazırda hər iki ölkənin müvafiq qurumları müxtəlif sahələr üzrə fəal və koordinasiyalı şəkildə çalışır, iqtisadi işçi qrupunun fəaliyyəti genişlənir, energetika sahəsində isə artıq konkret və məzmunlu layihələrin icrası həyata keçirilir.
Prezident İlham Əliyev çıxışında ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələrin icra olunduğunu diqqətə çatdırıb: “Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 4-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.
Beləliklə də, Azərbaycanın ötən il Slovakiyaya ilk dəfə təbii qaz tədarük etməsi bu əməkdaşlığın mühüm nəticəsi olmaqla yanaşı, ölkəmizin Slovakiyanın ehtiyac duyduğu enerji resurslarını tam həcmdə təmin etmək imkanına malik olduğunu da nümayiş etdirir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın zəngin qaz yataqları ölkəyə geniş ixrac potensialı qazandırır və hazırda Azərbaycan qazı 14 ölkəyə çatdırılır. Ölkəmiz boru kəmərləri vasitəsilə qaz ixracında aparıcı təchizatçı mövqeyindədir. Yeni yataqların işə salınması əlavə resursların dövriyyəyə daxil olmasına və beləliklə də Slovakiya da daxil olmaqla Avropanın daha böyük həcmdə qazla təmin edilməsinə şərait yaradacaq. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın ümumi qaz ixracı hazırda 25 milyard kubmetr təşkil edir və bu həcmin yarısı Avropa ölkələrinə göndərilir. Bu gün Avropa İttifaqının 8 üzvü öz enerji təhlükəsizliyinin təmin olunmasında məhz Azərbaycan qazına arxalanır ki, bu da ölkəmizin etibarlı tərəfdaş statusunu bir daha möhkəmləndirir.
Dost ölkələrin başçıları ikitərəfli əlaqələrin strateji müttəfiqlik səviyyəsini müdafiə və təhlükəsizlik sahəsinə dair səsləndirdikləri fikirlərlə də ifadə ediblər. Müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarına toxunan Prezident İlham Əliyev bildirib ki, bu sahə yalnız hərbi məqsədlər kontekstində deyil, daha çox sənaye və yüksək texnologiyalar baxımından nəzərdən keçirilir. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə sintezi yeni məhsulların istehsalına və onların qlobal bazarlara çıxışına geniş imkanlar açır. Dövlət başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycan müharibə aparmaq niyyətində deyil; bu əməkdaşlıq sırf sülhə, inkişaf və sənaye tərəqqisinə xidmət edir. Prezident 8 noyabr – Zəfər Gününün beşinci ildönümündə Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin Bakıda fəxri qonaq qismində iştirakı faktını böyük məmnunluqla ifadə edərək bunu iki ölkə arasında sarsılmaz dostluğun bariz təzahürü kimi qiymətləndirib. Slovakiyanın uğurlu inkişafı, siyasi sabitliyi və güclü sənaye potensialı Azərbaycan tərəfindən yüksək dəyərləndirilir.
Slovakiyanın müstəqil və prinsipial xarici siyasət xəttini xüsusi qeyd edən Prezident İlham Əliyev bildirib: “Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir. Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir. Xüsusilə Sizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə Sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur”.
Dövlət başçımız qeyd edib ki, Azərbaycan da öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdərək bu gün Şərq və Qərb arasında etibarlı körpü rolunu oynayır. İnfrastruktur, nəqliyyat və logistika sahəsinə son illərdə yatırılan böyük həcmdə investisiyalar nəticəsində ölkəmiz Şərq–Qərb nəqliyyat dəhlizinin aparıcı həlqələrindən birinə çevrilib və Orta Dəhliz layihəsində mühüm iştirakçı kimi çıxış edir. Asiya ilə Avropanı birləşdirən ən təhlükəsiz və dayanıqlı marşrutlardan birinin məhz Azərbaycanın ərazisindən keçməsi ölkəmizin tranzit imkanlarının möhtəşəm potensialını nümayiş etdirir.
Prezident İlham Əliyev iki ölkənin strateji əməkdaşlığında özünü göstərəcək gələcək hədəflərdən də danışıb. Qeyd edib ki, Azərbaycan nəqliyyat və əlaqələndirmə sektoruna əlavə investisiyalar yatıracaq və bu sahədə mövcud imkanlar daha da genişlənəcək. Bu isə Slovakiya ilə əməkdaşlığın yeni mərhələyə keçməsi üçün böyük perspektivlər açır və tərəflər qarşıdakı illərdə bu potensialdan daha səmərəli şəkildə istifadə etməyi planlaşdırırlar.
Dövlət başçısı həmçinin Azərbaycanın enerji və texnoloji üstünlüklərini qeyd edib. Bildirilib ki, hazırda ölkənin istifadə olunmayan enerji gücü təxminən 2 giqavat təşkil edir və bu rəqəmin növbəti beş ildə 8 giqavata çatdırılması nəzərdə tutulub. Bu, süni intellekt texnologiyalarının inkişafı və beynəlxalq data mərkəzlərinin yaradılması üçün mühüm strateji üstünlük sayıla bilər. Azərbaycanın iqlim müxtəlifliyi, xüsusilə ilin böyük hissəsində soyuq olan bölgələrin mövcudluğu data mərkəzlərinin yerləşdirilməsi üçün son dərəcə əlverişli şərait yaradır.
Prezident vurğulayıb ki, Azərbaycan beynəlxalq data mərkəzləri üçün regional hab funksiyasını yerinə yetirməyə tam hazırdır və bu istiqamətdə Slovakiya şirkətləri ilə əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
Beləliklə də Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiyaya rəsmi səfəri Azərbaycan–Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq ruhunda daha da möhkəmlənəcəyini, siyasi, iqtisadi, enerji və texnoloji sahələrdə əməkdaşlığın artan dinamika ilə inkişaf edəcəyini aydın şəkildə ortaya qoydu. Bu səfər ikitərəfli əlaqələrə yeni nəfəs gətirərək gələcək əməkdaşlıq mərhələsi üçün möhkəm təməl yaradıb.
Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və davamlı sülhə xidmət edir.
Görünən odur ki, hazırda Azərbaycan-Slovakiya əlaqələri strateji müttəfiqlik səviyyəsində inkşaf etməkdədir.
Əminliklə bildirə bilərik ki, bütövlükdə Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında mövcud əlaqələrin strateji və çoxşaxəli istiqamətdə daha da güclənməsinə böyük təkan verəcək.

Aytən Qurbanova
YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi
09:57 11.12.2025
Oxunuş sayı: 4000