Azərbaycan tranzit mərkəzi kimi dividentlərini artırır - İqtisadçı
Müasir beynəlxalq iqtisadi münasibətlər sistemində ticarət əlaqələrinin dayanıqlığı, tranzit marşrutlarının optimallaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsi ölkələr arasında qarşılıqlı əməkdaşlığın əsas prioritetlərindən hesab olunur. Bu xüsusilə Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı olan Azərbaycan, İran və Rusiya kimi ölkələrin regional və qlobal ticarət həcminə təsir edən faktorlar baxımından aktualdır. Son illər üç ölkə arasında imzalanmış sənədlər, aparılan danışıqlar və keçirilən işçi qrup görüşləri göstərir ki, tərəflər iqtisadi əməkdaşlığı dərinləşdirmək, tranzit maneələrini aradan qaldırmaq və yükdaşımaların səmərəliliyini artırmaq istiqamətində ortaq mövqeyə malikdirlər.
Bu istiqamətdə həyata keçirilən birgə fəaliyyət regionun logistika potensialını reallaşdırmağa, əmtəə dövriyyəsini artırmağa, həmçinin nəqliyyat xərclərini və vaxt itkilərini azaltmağa yönəlmişdir. Qeyd etmək lazımdır ki, hazırkı ticarət dövriyyəsi üç ölkənin real iqtisadi potensialından xeyli geri qalır və bunun doldurulması üçün praktiki addımların atılması zərurəti xüsusi vurğulanır. Tranzit prosedurlarının təkmilləşdirilməsi, texniki əməkdaşlığın gücləndirilməsi və daimi üçtərəfli görüşlərin keçirilməsi kimi addımlar tərəflər üçün geniş perspektivlər açır. Bütün bunlar həm iqtisadi fəallığı artırır, həm də regionun beynəlxalq tranzit qovşağı kimi mövqeyini gücləndirir.

Məsələ ilə bağlı iqtisadçı- ekspert Eldəniz Əmirov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan Respublikası 1992-ci il 30 sentyabr tarixində Rusiya Federasiyası ilə imzalanmış sənədə əsasən 1993-cü ildən etibarən azad ticarət münasibətlərinə malikdir. Bu gün Azərbaycan hökumətinin azad ticarət sazişi imzaladığı ölkələrin sayı ondur və bu ölkələrdən birincisi məhz Rusiyadır. Bu baxımdan, Azərbaycanla Rusiya arasında ticarət azadlığı kontekstində ciddi problem mövcud deyil. Məsələ daha çox gömrük prosedurlarının və digər inzibati proseslərin sadələşdirilməsi ilə bağlıdır və bu sadələşmə Rusiya–Azərbaycan münasibətləri çərçivəsindən çıxaraq Rusiya–Azərbaycan–İran üçtərəfli kontekstində nəzərdən keçirilir".
Ekspert, həmçinin Azərbaycanın coğrafi mövqeyi və bu mövqeyin yaratdığı dəhliz infrastrukturu, həm şimal qonşumuz Rusiya, həm də cənub qonşumuz İran üçün ölkəmizi əvəzsiz tərəfdaşa çevirdiyini qeyd edib: "İran, Azərbaycan və Rusiya arasında ticarət maneələrinin aradan qaldırılması və Azərbaycanın bu prosesdə daha fəal iştirakı iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına xüsusi təkan verə bilər. Qeyd edim ki, sözügedən mexanizmin tam tətbiqi əsasən Şimal–Cənub nəqliyyat dəhlizinin bütün gücü ilə fəaliyyətə başlaması mərhələsində mümkün olacaqdır. Şimal–Cənub dəhlizinin işə düşməsi isə hər üç ölkənin iqtisadi hədəflərinə çatmasına şərait yaradacaqdır. Azərbaycan üçün bu prosesin faydası ondan ibarətdir ki, ölkə tranzit mərkəzi kimi dividentlərini artırır, geosiyasi əhəmiyyətini daha da gücləndirir və nəticə etibarilə xarici sərmayədarların ölkəyə cəlb olunmasına şərait yaradır".
Elmir Heydərli
13:06 10.12.2025
Oxunuş sayı: 1566