Zarafata görə həmkəndlisini öldürən şəxs cəzalandırıldı
Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməkdə, xuliqanlıqda və qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Şəhriyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Crossmedia.az xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Müttəhim 17 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü il aprelin 7-də saat 23 radələrində Yevlax rayonunun Əkşəm kəndi ərazisində yerləşən kafedə qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Şəhriyar Bayramlı aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürüb.
Hadisədən sonra Şəhriyar Bayramlı könüllü təslim olub və Yevlax Rayon Prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Məlumata görə, hər iki şəxs sərxoş vəziyyətdə olub. Həmkəndlilər arasında şəxsiyyətə toxunan zarafata görə başlayan mübahisə qətllə bitib.
10:37 09.12.2025
Oxunuş sayı: 1106