Anar Allahverdiyev: "XI Vüqar Həşimov Memorial turnirinə hazırlıq yüksək səviyyədə gedir
Xankəndi şəhərində keçiriləcək XI Vüqar Həşimov Memorial turnirinə hazırlıq yüksək səviyyədə gedir.
Crossmedia.az xəbər verir ki bunu turnirin direktoru Anar Allahverdiyev mətbuata açıqlamasında özü bildirib.
Mütəxəssis yarış iştirakçılarının yüksək səviyyədə mübarizə aparacağını inanır:
"11-ci Vüqar Həşimov Memorial turnirinə hazırlıq yüksək səviyyədə davam edir. Hazırda yarışın keçiriləcəyi məkan və oyunçular da müəyyənləşib. Bu dəfə şahmatçıların mübarizəsi Xankəndi şəhərində olacaq".
Xankəndi şəhərində təşkil olunacaq yarışın 44 günlük Vətən müharibəsində qazanılan qələbənin simvolu olduğunu söyləyən Allahverdiyev turnirdə güclü şahmatçıların üz-üzə gələcəyini deyib:
"Ötən il Memorial yarış Şuşada oldu. Fəxr hissi ilə bu yarışın böyük statuslu beynəlxalq turnir olduğunu deyə bilərəm. Güclü şahmatçılar üz-üzə gələcəklər. Məsələn, rusiyalı Yan Nepomnyaşiy elit şahmatçılar siyahısına daxildir və çox güclüdür. Gənc ulduzlardan özbəkistanlı Nodirbek Yakubboyevin adını çəkə bilərəm. Çox gözəl oyunu ilə bütün türk dünyasını sevindirir. Digər şahmatçılar da uğurlu çıxışları ilə yadda qalır. Yerli şahmatçılardan Vüqar Həşimov şahmat klubunun lideri olan, 3 qat Avropa çempionu, uzun illər Vüqarla bir komandada çıxış edən Rauf Məmmədov və onunla yanaşı Aydın Süleymanov da yarışacaqlar. Əlbəttə, bu turnirə böyük maraq var. Xankəndidə bu turnirin keçirilməsi şahmatın regionlarda inkişafına da böyük təkan verir".
Direktor yarışın formatı ilə də bağlı məlumat verib:
"Yarış blits və rapid növlərində keçiriləcək. Rapiddə 15 dəqiqə + 10 saniyə, blitsdə isə 3 dəqiqə +2 saniyə vaxt olacaq. Şahmatdan zövq almaq üçün vaxt olaraq qısaldılmış formata keçirilir. Artıq bununla ayaqlaşmaq lazımdır. Vüqar Həşimov Memorialı da böyük nəzarət vaxtı ilə başlamışdı. Ancaq zamanın tələblərini nəzərə alaraq, biz də bu formata keçid etdik. Belə olan halda oyun daha dinamik və həyəcanlı keçir. Mübarizə baxımından isə öz şahmatçılarımızın yüksək səviyyədə çıxışını və yaxşı yerlər tutacağına inanırıq".
Qeyd edək ki turnir dekabrın 9-dan 10-a qədər keçiriləcək.
19:27 05.12.2025
Oxunuş sayı: 1059