AFFA və Pakistan Futbol Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb
ABŞ-nin paytaxtı Vaşinqtonda AFFA və Pakistan Futbol Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Crossmedia.az-a AFFA-dan məlumat verilib.
Bildirilib ki, DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan AFFA prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Mohsen Gilani ilə görüşüb. Görüş zamanı AFFA və PFF futbol sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.
Bildirilib ki, sənədin imzalanmasında məqsəd iki ölkənin milli assosiasiyaları arasında tərəfdaşlığın möhkəmləndirilməsi, futbolun inkişafı və beynəlxalq əlaqələrin daha da gücləndirilməsidir. Memorandum çərçivəsində tərəflər təlim-məşq toplanışlarının təşkili, müxtəlif yaş qruplarından ibarət milli komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi, qadın futbolu, futzal, çimərlik və əlillər futbolunun dəstəklənməsi, eləcə də hakimlərin mübadiləsi və təhsili sahəsində əməkdaşlıq edəcək.
Bu razılaşma hər iki ölkədə futbolun inkişafına, gənc futbolçular, məşqçilər və hakimlər üçün yeni imkanların yaranmasına xidmət etməklə yanaşı, AFFA və PFF arasında dostluq, qarşılıqlı etimadın daha da güclənməsinə təkan verəcək.
19:08 05.12.2025
Oxunuş sayı: 1153