Azərbaycan-Gürcüstan Media Forumu regional inteqrasiyanın mühüm mərhələsidir - ŞƏRH
Azərbaycan-Gürcüstan Media Forumunun keçirilməsi regionda informasiya təhlükəsizliyinin, mediaya sahəsində etimadın və strateji kommunikasiya əməkdaşlığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu forum iki qonşu və strateji tərəfdaş ölkənin informasiya mühitindəki çağırışlara qarşı daha koordinasiyalı şəkildə çıxış etməsinə imkan yaradır.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu söyləyib.
Onun sözlərinə görə, forum bir neçə istiqamətdə əhəmiyyətli rola malik olmaqla, həm Azərbaycan, həm də Gürcüstanın media institutlarının əməkdaşlığını gücləndirir və regionda informasiya təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
“Birincisi, forum dezinformasiya və manipulyasiya risklərinin artdığı dövrdə Azərbaycan və Gürcüstanın media institutları arasında birgə fəaliyyət platforması formalaşdırır. Bu, region ölkələrinin informasiya təhlükəsizliyinə yönəlmiş hibrid təhdidlərə qarşı daha davamlı və operativ reaksiya verməsini təmin edir. İkincisi, tədbir media savadlılığının artırılması, jurnalistlərin peşəkar inkişafı və yeni kommunikasiya texnologiyalarının inteqrasiyası sahəsində təcrübə mübadiləsinin institusional əsasda aparılmasına təkan verir. Bu, həm media orqanlarının fəaliyyət keyfiyyətini yüksəldir, həm də cəmiyyətin informasiyaya etibarlı çıxışını gücləndirir. Üçüncüsü, forum Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının kommunikasiya ölçüsünün genişləndiyini göstərir. Enerji, logistika, ticarət və təhlükəsizlik kimi sahələrdə möhkəm əməkdaşlıq media sahəsində də paralel mexanizmlərin qurulmasını tələb edirdi. Bu forum həmin inteqrasiyanın mühüm mərhələsi hesab oluna bilər. Nəhayət, tədbir regionun informasiya məkanında Azərbaycan və Gürcüstanın daha fəal, koordinasiyalı və proaktiv mövqe sərgiləməsinə, eləcə də qlobal media proseslərinə daha sistemli şəkildə qoşulmasına xidmət edir. Forumun davamlı formatda keçirilməsi iki ölkənin kommunikasiya təhlükəsizliyinin təmin olunması və müasir media mühitinə uyğunlaşması baxımından strateji əhəmiyyət daşıyır”, - deyə Mətbuat Şurasının sədr müavini bildirib.(AZƏRTAC)
18:29 05.12.2025
Oxunuş sayı: 1451