Köçəryan- Sarkisyan tandemi Paşinyanın "kitabını bağlayır?"
Ermənistanın daxili siyasi səhnəsində maraqlı proseslər müşahidə olunur. Baş nazir Nikol Paşinyanın hökumətin sual-cavab sessiyasında səsləndirdiyi fikirlər bu prosesin mahiyyətinə işıq salır. O, artıq uzun illər ölkədə siyasi mübarizənin əsas simaları hesab edilən Robert Koçaryan və Serj Sarqsyanın öz mövqelərini itirdiyini, müxalifətin siyasi çəkisinin minimuma endiyini bəyan edib. Paşinyanın sözlərinə görə, əvvəlki hakimiyyətlə bağlı, o cümlədən Qarabağ məsələsi ətrafında aparılmış geniş müzakirələr artıq arxivləşib və bu mövzuların gündəlikdə qalmasının heç bir mənası yoxdur.
Bu bəyanat, bir tərəfdən Ermənistan siyasətində yeni quruluşun formalaşmasını nümayiş etdirirsə, digər tərəfdən müxalifət institutunun zəiflədiyini göstərir. İctimai-siyasi qüvvələr arasında güc balansının pozulması, siyasi rəqabətin yox səviyyəsinə enməsi həm demokratik təsisatların işləkliyinə, həm də dövlət idarəçiliyinin keyfiyyətinə təsir edən mühüm amillərdir. Paşinyanın “onlar artıq rəqib deyillər” ifadəsi əslində təkcə tarixi rəqiblərin sıradan çıxması deyil, həm də müxalif fikir mədəniyyətinin zəifləməsi göstəricisi kimi dəyərləndirilə bilər. Bu isə Ermənistanın gələcək siyasi kursu və regional proseslər baxımından diqqətlə təhlil edilməli bir məqamdır.

Məsələ ilə bağlı Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Paşinyan Ermənistan siyasi müstəvisində sələflərindən əsaslı şəkildə fərqlənir. İdeoloji-siyasi baxışları, mövqeyi, münasibəti, yanaşması ilə ermənilərə real və yaxşı həyat bəxş edir. Yalnız vəd olaraq qalmır, praktiki olaraq ermənilər onun konsepsiyasının uğurlu nəticələrini görürlər. Uzun müddət qorxu və ümid arasında saxlanılan ermənilər, artıq gerçək həyatın faydalarını dadmağa başlayıblar. Korrupsiya, rüşvətxorluq, yerliçilik, tayfabazlıq, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarını Paşinyan aradan qaldırmağa müvəffəq olub. Erməniləri bədbəxtlik və ölüm gətirən Qarabağ xəyallarından gerçək həyata qaytarıb. Ona görə də Qarabağdakı məğlubiyyət də Paşinyanın yenidən komandasının parlament seçkilərində qələbə qazanmasına və onun 2-ci dəfə baş nazir seçilməsinə maneə olmadı. 2026-cı ilin iyun ayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə rəqiblər yenə də əvvəlkilərdir. Bir tərəfdə Paşinyan, müxalifətdə isə Koçaryan-Sarkisyan birliyidir. 44 günlük müharibədəki məğlubiyyət Paşinyana rəqibləri üzərində həlledici qələbə qazanmağa mane olmadı. İndiki seçkilər isə Paşinyana 23 saatlıq antiterror əməliyyatlarda düçar olduğu tam məğlubiyyətdən xeyli sonra baş tutacaq. Bu müddət ərzində o, Azərbaycanla sülh sazişinin paraflanmasına, münasibətilərin yaxşılaşdırılmasına, Türkiyə ilə normallaşma prosesinin başlanmasına, nəqliyyat marşrutlarından istifadəyə nail ola bilib. Üstəlik, müxalifətin əsas ideoloji dayağına çevrilmiş kilsəyə sarsıdıcı zərbələr endirməkdədir".
Partiya sədri, həmçinin Paşinyanın ən əsas olaraq ermənilərin böyük çoxluğunun inamını qazanması olduğunu qeyd edib: "Belə bir şəraitdə Paşinyana qarşı Koçaryan-Sarkisyan birliyi təhlükəli rəqib ola bilməz. Bu qüvvələr artıq köhnəlib, müasir zamanın çağırışlarına cavab vermirlər. Paşinyan da bunu gördüyündən onları getdikcə xalqın gözündən salmağa davam edir".
Elmir Heydərli
11:25 05.12.2025
Oxunuş sayı: 7282