Tural Abbaslı: Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü də Mehdiyevlə əlbirdir... - MÜSAHİBƏ
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Əli Kərimliyə hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərə görə ittiham verilib. Bu araşdırma, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.
Son günlər Azərbaycan daxili siyasətində çox ciddi siyasi proseslər baş verir. Bu hadisələrin vətənə xəyanətdə ittiham Ramiz Mehdiyevlə əlaqəsi olduğu da bildirilir. Hər halda Əli Kərimlinin evində tapılan məktub bunun ən bariz nümunəsidir. Proseslərin bundan sonrakı inkişafı isə müzakirə mövzusudur.
Ağ Partiya sədri Tural Abbaslı baş verənlər barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Son dövrlər Əli Kərimli mövzusu ilə bağlı baş verən hadisələri necə qiymətləndirirsiniz və bu proseslərin vətənə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevlə hansı əlaqəsi ola bilər?
- Kimsə qanunda icazə verilməyən hərəkətlər edibsə, təbii ki, qanun qarşısında real cavabdeh olmalıdır. Bu, mən də ola bilərəm, başqası da ola bilər. Ramiz Mehdiyevlə davam edən proseslər çərçivəsində istintaqın genişlənəcəyini, müxtəlif sahələrdən insanların həbs olunacağını gözləyirdik. Çünki dövlət çevrilişi mütəşəkkil fəaliyyət tələb edir. Yəni, bir adamın, iki adamın görə biləcəyi iş deyil. Belə ehtimal var ki, siyasi partiyalar, siyasi kəsimlər bu seçimlərə cəlb olunacaq. Hələlik Əli Kərimlinin bu məsələyə cəlb olunduğu görünür. Amma bunlar hələ ilkin versiyalardır və istintaqın birinci mərhələsidir. Əgər bir partiya lideri həbs olunursa və yaxud barəsində həbs qəti imkanı tədbiri keçirilirsə, bunun üçün kifayət qədər ciddi dəlillər olmalıdır və yaxud da istintaqın əlində faktlar olmalıdır. Çünki istənilən siyasi partiya rəhbərlərinin həbsi həm daxildə, həm beynəlxalq aləmdə Azərbaycanda barədə bir səs gətirəcək. Odur ki, həm cəmiyyəti, həm də medianı da təmin edəcək, əsaslı faktlar ortaya qoymalıdır. Mən burada kimisə müdafiə etmək və yaxud da kimisə üzərində siyasi hücum etmək niyyətində deyiləm. Haqq, ədalət nədirsə, o olsun. Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü də Mehdiyevlə əlbirdir və ya dövlət çevrilişinə cəhd edir, bu sözləri onun haqqında da deyəcəyik. Yəni məsəə şəxslərdə yox, dövlətdə və dövlətçilikdə, qanundadır.
- Ölkədə siyasi sabitliyin qorunmasında dövlətçilik maraqlarını birbaşa zərbə altına atan radikallara qarşı mübarizəni necə qiymətləndirirsiniz?
- Ölkədə siyasi sabitlik istənilən ölkənin inkişafının əsas amillərindən biridir. Yəni, sabitlik olmayan ölkədə nə iqtisadi inkişaf, nə mədəni inkişaf, nə də təhlükəsizlik olar. Ümumiyyətlə, heç bir inkişaf olmaz, əksinə, dövlətin gələcəyi təhdid altına düşər. Ona görə hətta siyasi fəaliyyət belə o sabitliyi təhlükə altına almamalıdır. Ona görə də partiyalar haqqında qanunvericilik tərtib olunub. Qeyri-hökumət təşkilatları haqqında qanunlar qəbul olunub ki, bu fəaliyyətlər, o cümlədən müxalifətçilik sabitliyə ziyan verməsin. Partiyalar, təşkilatlar, siyasi şəxslər bu məsələni öz fəaliyyətlərində nəzərə almalıdırlar. Yəni, ona görə hər bir partiya da, təşkilatlar da, siyasi şəxslər də hərəkət edəndə bu amili öncə tutmalıdır. Yəni sabitliyin əleyhinə olanda millətə, dövlətə sevgisi olmayanlardır. Yenə deyirəm, müxalifət ola bilər, amma bu hərəkətlər dövlətin sabitliyinə qətiyyən zərər verməməlidir. Təbii ki, bu niyyətdən addım atanlar varsa, onlar da qanun qarşısında cavab verməlidir, kimliyindən asılı olmayaraq.
- Bu proseslərin davamı olaraq nə gözləyirsiniz?
- Xüsusi gözləntilərim yoxdu. Amma hər halda Mehdiyev kimi uzun illər iqtidarda söz sahibi olmuş, kifayət qədər maliyyə resurslarına, beynəlxalq əlaqələrə, daxil əlaqələrə malik bir adam haqqında dövlət çevrilişinə cəhd maddəsi ilə cinayət işi açılırsa, deməli, çox geniş istintaqa olmalıdır. Dövlət çevrilişinə cəhd olubsa, burada ən azı yüzlərlə insanın iştirakı olmalıdır. Türkiyədə 15 iyul qiyamından sonra on minlərlə insan həbs olunub. Düzdür, orada hərbi çevriliş olmuşdu, insanlar küçələrə çıxmışdılar. Bu mənad agər qardaş ölkədə minlərlə adam məsuliyyətə cəlb olunmuşdusa, Azərbaycanda konkret məsələ ilə bağlı yüzlərlə adam istintaqa cəlb oluna bilər. Təkrar edirəm, istintaq genişlənməlidir, aidiyyəti olan hər kəs məsuliyyətə cəlb olunmalıdır.
Fidan Qarayeva
13:21 02.12.2025
Oxunuş sayı: 1693