ABŞ və Rusiyanı Zəngəzur dəhlizi bir “masa arxasına əyləşdirəcək”?- Sabiq nazir açıqladı
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today" və jurnalistlərə müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi Avrasiyanın kökündən dəyişməsinə təsir göstərəcək.
"Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsinin kökündən dəyişməsinə təsir göstərəcək", - o qeyd edib.
H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan bu nəqliyyat mənzərəsinin dəyişdirilməsi prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, Bakı "Avropa İttifaqını bu yeni nəqliyyat sisteminin bir hissəsi kimi görmək istərdi".
"H.Hacıyev dəhlizi "Azərbaycanın sülhə nail olmaq strategiyası"nın praktik komponenti kimi təqdim edib", - "EU Today" qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirmişdi ki, Zəngəzur dəhlizi 2028-ci ilin sonuna qədər açıla bilər. Dəhlizin ötürücülük qabiliyyəti ildə 15 milyon ton yük təşkil edəcək.
Zəngəzur dəhlizinin perspektivi barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu layihənin reallaşması üçün azı bir il yarım, bəlkə də, iki ilə qədər vaxt tələb olunacaq: “Çünki ərazidə ciddi tikinti işləri aparılmalı, dəmiryolu çəkilməlidir. Kim bu layihəni icra edəcək, proses necə təşkil olunacaq hələ dəqiq bilinmir. Lakin əsas məsələ təhlükəsizlik aspektidir. Bilirsiniz ki, həmin ərazidə Rusiya sərhədçiləri yerləşir. Onların ABŞ şirkəti ilə necə təmas quracağı, bu əməkdaşlığın hansı qaydada tənzimlənəcəyi hələ sual altındadır. İstər-istəməz müəyyən koordinasiya olmalıdır və bu prosesin mexanizmi hələlik aydın deyil. Buna görə də suallar çoxdur’’.
E. Məmmədyarov qeyd edib ki, bəzi mənbələr optimist proqnoz verərək layihənin iki il ərzində tamamlana biləcəyini desələr də, bir çox məqam yenə də qeyri-müəyyən olaraq qalır: “Bununla yanaşı, başa düşmək lazımdır ki, Rusiya üçün bu yolun açılması iqtisadi baxımdan olduqca faydalıdır. Sanksiyalar nəticəsində onların, demək olar, bütün quru sərhədləri bağlıdır. Bu dəhliz isə Rusiya üçün Türkiyə vasitəsilə dünyaya çıxış imkanı yarada bilər və bu, Moskvanın davranışlarını formalaşdıran əsas motivasiyalardan biridir. Digər tərəfdən, dəhlizin tez açılması Azərbaycan iqtisadiyyatı üçün önəmlidir. Çünki bu xətt vasitəsilə Çin və Orta Asiya ölkələri ilə yeni idxal-ixrac rejimi formalaşacaq və Azərbaycanın ticarət imkanları genişlənəcək’’.
Sevinc Yarməmmədova
20:23 01.12.2025
Oxunuş sayı: 1839