Qərb Rusiyanı yalnız hərbi təzyiqlərlə durdura bilər- Politoloq
ABŞ Prezidenti Donald Tramp yenidən Ukrayna ilə bağlı "sülh" planı hazırlayıb. Ağ Ev rəhbəri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkofun müəllifi olduğu plan Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya ərazi güzəştinə məcbur edilməsini özündə ehtiva edir. Avropa isə bu sülh planına qarşı çıxıb. Avropa İttifaqı (Aİ) ölkələri ABŞ tərəfindən irəli sürülən Ukrayna münaqişəsinin həlli planına qarşı çıxıblar.
Məlumata əsasən, plan Ukraynanın ərazi güzəştlərini və qismən silahsızlaşdırılmasını nəzərdə tutur. Brüsseldə toplaşan Aİ xarici işlər nazirləri hələ açıqlanmayan ABŞ planını ətraflı şərh etməsələr də, Kiyevin getməli olduğu güzəştləri qəbul etməyəcəklərini bildiriblər.
Fransanın xarici işlər naziri Jan-Noel Barro qeyd edib ki, Ukrayna ədalətli sülh istəyir, lakin bunu kapitulyasiya yolu ilə əldə etmək mümkün deyil. ABŞ Dövlət katibi Marko Rubio isə yalnız tərəflərin qarşılıqlı güzəştlərini nəzərdə tutan sülh təşəbbüslərindən danışıb.
Ötən gün bir sıra KİV ABŞ-də hazırlanmış, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına dair 28 maddədən ibarət plan barədə məlumat yayıb. Sənəd rəsmi şəkildə təqdim edilməsə də, bəzi KİV-lər ABŞ Prezidenti Donald Trampın artıq onu dəstəklədiyini iddia edirlər. Plan Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Donbasın bir hissəsindən imtinanı, Kiyevə hərbi yardımın azaldılmasını və rus dilinin dövlət dili kimi tanınmasını nəzərdə tutur.
ABŞ ilə Avropa arasında davam edən qarşıdurma və bunun Rusiya- Ukrayna savaşına təsiri barədə Crossmedia.az-a danışan Məhəmməd Əsədullazadə deyib ki, ərazi güzəşti əvəzinə atəşkəsə gedilməsi, Qərbin strateji məğlubiyyəti olar: “Kreml rəhbəri Vladimir Putinin planı ərazi güzəşti hesabına atəşkəsə getmək və sonrakı proseslərdə yenidən təzyiqləri artırılmasıdır. Ukrayna prezidentinə yenidən siyasi təzyiqlər başlayıb. Amma, bununla bərabər ABŞ Ukraynaya "Patriot" raket sistemlərinin verilməsini təsdiq edib. Ümumiyyətlə, Rusiyanın əsas strateji siyasəti Qərb üzərində siyasi və hərbi qələbə əldə etməkdən ibarətdir. Rusiya bu siyasəti Ukrayna üzərində həyata keçirir. Bu gün Ukrayna Rusiyanın Qəribə qarşı hərbi əməliyyatlarının əsas mərkəzidir”.

Onun fikrincə, Qərb Rusiyanı yalniz hərbi təzyiqlərlə durdura bilər: “ABŞ "sülh planı" Ukraynanın Rusiya qarşısında atəşkəs müqabilində ərazi güzəşti olduğu üçün Kremllə birgə hazırlanmış plandır. ABŞ prezidentinin növbəti dəfə sülh planında torpaq güzəşti olduğu üçün Avropa ölkələri və Ukrayna tərəfindən qəbul edilməyəcək”.
22:32 20.11.2025
Oxunuş sayı: 2981