Azərbaycan Ağırlıqqaldırma Federasiyasında 2024-cü ilin yekunlarına dair yığıncaq keçirilib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında (AAF) 2024-cü ilin yekunlarına dair ümumi yığıncaq keçirilib.
Crossmedia.az xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin çıxışı ilə başlayan toplantıda yığma komandaların məşqçiləri ilə yanaşı, paytaxtın müxtəlif klub və cəmiyyətlərində, eləcə də regionlarda fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Ümumi yığıncaqda ilk olaraq ötən ilin maliyyə hesabatı dinlənilib. AAF-ın baş katibi Rizvan Rəsulov il ərzində keçirilən yarışlar, təlim-məşq toplanışları və digər tədbirlərin təşkili üçün xərclənən vəsaitlə bağlı toplantı iştirakçılarına məlumat verib.
Daha sonra AAF-ın vitse-prezidenti Firdovsi Umudov 2024-cü ildə əldə edilmiş nəticələr haqqında danışıb.
Atletlərin dünya və Avropa miqyaslı yarışlarda uğurla iştirak etdiyini bildirən F.Umudov idmançıların nəticələrindəki inkişaf dinamikasına diqqət çəkib.
2024-cü ildə mükafatçılar siyahısına düşən atletlərdən ikisinin İslam Həmrəyliyi Oyunlarında da bayrağımızı dalğalandırması vurğulanıb. F.Umudov bildirib ki, Ər-Riyad şəhərində keçirilən yarışda rekord sayda – 11 medalın qazanılması federasiyanın fəaliyyətinin adekvat göstəricisidir.
Ümumilikdə isə hesabat ilində milli komandaların idmançıları tərəfindən ümumilikdə 38 medal əldə edilib ki, onlardan da 13-ü qızıl, 14-ü gümüş və 11-i bürünc mükafat olub. Beynəlxalq əlaqələrin qurulması istiqamətində atılan addımlardan danışan vitse-prezident bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Firdovsi Umudov 2024-cü ildə Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinin iclasında Azərbaycan idmanı üçün tarixi qərarın qəbul edildiyini xatırladıb. O bildirib ki, hesabat ilində ölkəmiz Avropa Ağırlıqqaldırma Mərkəzi statusuna sahib olub və mərkəzin ilk tədbiri – Beynəlxalq Məşqçi Vebinarı bu il uğurla təşkil edilib.
Hesabatlar təqdim edildikdən sonra AAF prezidenti Kamran Nəbizadə yekun nitqi ilə çıxış edib. Əldə edilmiş nailiyyətlərə əsasən 2024-cü ili uğurlu adlandıran federasiya rəhbəri qeyd edib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün daha çox səy göstərilməlidir. O bildirib ki, ağırlıqqaldırmanın və ümumilikdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Gənclər və İdman Nazirliyi tərəfindən yığma komandaların yarışlara hazırlığı və turnirlərdə iştirakına hər cür dəstək verilir. Bundan sonra əsas məqsəd idmançıların inkişafına nail olmaq və qarşıdan gələn Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.
Ümumi yığıncağın gündəliyində olan digər məsələ AAF-ın yeni Nizamnaməsinin təsdiqi olub. Nizamnamə açıq səsvermə yolu ilə, yekdilliklə qəbul edilib. Toplantının sonunda məşqçilərin təklifləri dinlənilib.
18:17 20.11.2025
Oxunuş sayı: 1369