Bakıda keçirilən Dünya Badminton Federasiyasının parabadminton üzrə texniki seminarına yekun vurulub
Milli Gimnastika Arenasında 3 gün davam edən Dünya Badminton Federasiyasının (BWF) parabadminton üzrə Texniki Seminarına yekun vurulub.
Crossmedia.az xəbər verir ki, 17-19 noyabr tarixlərini əhatə edən beynəlxalq tədbirdə Avropanın 15-dən çox ölkəsindən 55-ə yaxın nümayəndə, o cümlədən parabadmintonçular və bu idman növü üzrə mütəxəssislər iştirak edib.
Beynəlxalq Paralimpiya Komitəsi (IPC), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK), Dünya Badminton Federasiyası (BWF), Avropa Badminton Konfederasiyası (Badminton Europe) və Azərbaycan Badminton Federasiyasının birgə dəstəyi ilə təşkil olunan seminarda parabadmintonun inkişafı, məşqçilik bacarıqlarının artırılması, idmançıların təsnifatı və yarışların idarə olunması mövzularında nəzəri və praktik sessiyalar keçirilib.
Bağlanış mərasimində çıxış edən Dünya Badminton Federasiyasının rəsmisi Con Şirer, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov seminar iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Təşkil olunan seminarın iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin bu idman növünün kütləviliyinə dəstək baxımından mühüm fayda verəcəyini bildiriblər.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
18:09 20.11.2025
Oxunuş sayı: 1287