Bakıda “Euronews”un yerli ofisi açıldı: “”Sputnik” kimi...”
Bakıda “Euronews”un yerli ofisinin açılması Azərbaycanın media məkanında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Dünyanın aparıcı xəbər şəbəkələrindən birinin ölkəmizdə fəaliyyətə başlaması həm regional informasiya dövriyyəsində Azərbaycanın rolunu gücləndirir, həm də yerli media bazarında rəqabəti artıraraq keyfiyyət standartlarının yüksəlməsinə stimul verir. Qlobal media qurumunun birbaşa Bakıdan xəbər istehsalına və region proseslərini işıqlandırmasına başlaması həm informasiya mühitində şəffaflığı, həm də peşəkarlıq meyarlarını aktuallaşdırır.
BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli bu təşəbbüsün əhəmiyyəti barədə Crossmedia.az-a açıqlama verib: "Azərbaycanda fəaliyyətə başlayacaq "Euronews" ofisinin açılması yerli media mühiti üçün əhəmiyyətli addım kimi qiymətləndirilir. Bu qərarın ölkədə beynəlxalq informasiya mübadiləsini gücləndirəcək, obyektiv və qlobal perspektivli xəbər axınını artıracaq. “Euronews” Avropa İttifaqı çərçivəsində formalaşan və hazırda Avropanın aparıcı media qurumlarından biri kimi çıxış edən xəbər platformasıdır. Kanal artıq inkişaf etməkdə olan regionlarda, o cümlədən Orta Asiya respublikalarında fəal şəkildə ofislər açır".

Q.Məhərrəmli qeyd edir ki, Özbəkistanda platformanın yerli ofisi fəaliyyət göstərməyə başlayıb və digər MDB ölkələrində ofislərin açılması ilə bağlı danışıqlar davam edir: "Euronews”-un Azərbaycanda fəaliyyət göstərməsi ölkə haqqında beynəlxalq informasiya məkanında daha dəqiq və balanslı məlumatların yayılmasına töhfə verəcək. Kanal 44 günlük Vətən müharibəsi dövründə regiona öz müxbirlərini göndərmiş və hadisələri yerində izləyərək məlumatları geniş auditoriyaya çatdırmışdı. Bu isə qurumun bölgə ilə bağlı obyektiv mövqe nümayiş etdirdiyi barədə rəyləri gücləndirib. Euronews informasiya yayımı ilə yanaşı beynəlxalq dəyərlərin, demokratik media prinsiplərinin və qlobal proseslərin işıqlandırılmasına fokuslanır. Kanalın fəaliyyəti “Sputnik” kimi kəşfiyyat yönümlü media qurumları ilə eyniləşdirilə bilməz və onun əsas missiyası regional və beynəlxalq xəbərlərin operativ, dəqiq və etibarlı şəkildə təqdim edilməsidir".
Mehriban İbrahimli
20:23 18.11.2025
Oxunuş sayı: 956