Türk dövlətlərinin sosial-mədəni inteqrasiya proseslərinə həsr olunmuş elmi konfrans keçiriləcək
“Müasir İpək yolu” üzərində türk dövlətlərinin sosial-mədəni inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbirin təşkilatçıları Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Ingla School Baku Crossmedia.az analitik - informasiya portalı isə konfransın informasiya dəstəkçisidir.
Konfransın açılışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Riyaziyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafeyev, Xarici Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı və Özbəkistan, Kokand Universitetinin elmi işlər üzrə prorektoru, professor Zebohan Kobilova iştirak edəcəklər. İctimai-siyasi xadim Oljas Süleymanov, Irzurum universitetinin rektoru Prof. Ahmet Hacımüfti oğlu, Phd İngla school Baku-nun direktoru Dos. Dr. Lalə Nəsibova və başqa qonaqlar çıxış edəcəklər.
Konfransın məqsədi türk dövlətlərinin universitetləri arasında akademik əməkdaşlığın möhkəmləndirilməsi, sosial-mədəni, siyasi və iqtisadi sahələrdə inteqrasiyanın əsas çağırış və perspektivlərinin müəyyənləşdirilməsi, fikir, araşdırma və analitik materialların mübadiləsi üçün ekspert platformasının yaradılması, Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji sənədlərin hazırlanmasına xidmət edəcək elmi resursun formalaşdırılmasıdır.
Konfransdan sonra elmi məqalələrin toplanması, rəy verilməsi və nəşrə hazırlanması planlaşdırılır. Həmçinin yekun toplunun çap və elektron formatda nəşri, nəticələrin təqdimatlar, konfranslar və onlayn platformalar vasitəsilə geniş yayılması nəzərdə tutulur.
14:05 18.11.2025
Oxunuş sayı: 1589