İsrail Türkiyəyə müharibə elan edir? - Mühüm Azərbaycan faktoru
İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib ki, Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir. O, bununla kifayətlənməyərək “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik” ifadəsini işlədib.
Məlum olduğu kimi, Ankara ilə Tel-Əviv arasında münasibətlər kifayət qədər gərgindir. Yaxın Şərqdə baş verənlər, o cümlədən İsrailin hücumları bu gərginliyi daha da artırır. Tərəflər arasında müharibənin qaçılmaz olduğunu düşünənlər də var.
İsrailli nazirin dedikləri də bu aspektdən qiymətləndirilə bilərmi?
Bu barədə Crossmedia.az-a danışan politoloq Elxan Şahinoğlu söyləyib ki, Türkiyənin Avrasiya, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu artmaqdadır: " İsrailli nazirin sözlərindən isə belə çıxır ki, Tel-Əviv Türkiyənin adı çəkilən bölgələrdə fəallığına maneələr yaratmalıdır. Bu isə Türkiyə ilə yanaşı Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına ziddir. Təəssüf ki, Tel-Əviv Türkiyənin Azərbaycanın strateji müttəfiqi olmasını gözdən qaçırır. İsrail rəsmiləri anlamalıdırlar ki, Türkiyə əleyhinə ağır ifadələr işlətdikcə bu Azərbaycan-İsrail münasibətlərinə də mənfi təsir etməyə başlayacaq. Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasını istəyir. Ancaq İsrail və Türkiyə rəsmilərinin bir-birlərinin ünvanlarına qarşılıqlı sərt açıqlamaları indiki şərtlər altında münasibətlərin normallaşmasına imkan vermir".
17:24 17.11.2025
Oxunuş sayı: 1592