Deputat: İdmanın inkişafı üçün özəl sektorun da stimullaşdırılması vacibdir- Müsahibə
Crossmedia.az analitik- informasiya portalı Milli Məclisin deputataları ilə silsilə müsahibələri davam etdirir. Bu dəfəki qonağımız Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərovdur. O, Azərbaycanın idmanın hazırkı vəziyyəti, idmançılara yaradılan şərait, həmçinin "Qarabağ" futlol klubunun Çempionlar Liqasında davam edən oyunları və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın çıxışları barədə suallarımızı cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Son illərdə ölkəmizdə idman sahəsində ciddi nailiyyətlər əldə olunub. Ümumilikdə bu inkişafı necə qiymətləndirirsiniz? Azərbaycan artıq idman ölkəsi kimi tanınırmı?
- Azərbaycan dövləti hər zaman idmana xüsusi diqqət göstərib və bu siyasət bu gün də ardıcıllıqla davam edir. Möhtərəm Cənab Prezident həm Azərbaycan Respublikasının, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişafını daim nəzarətdə saxlayır. Hər ilin sonunda yüksək nəticə göstərmiş idmançıların dövlət başçısı ilə görüşməsi, onların təltif olunması, hətta mənzil ilə təmin edilməsi dövlətin idmana göstərdiyi qayğının bariz nümunəsidir. 2015-ci ildə Bakı Avropa Oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bu yarışlar həm Azərbaycanın idman infrastrukturunu yenilədi, həm də ölkəmizi beynəlxalq arenada tanıtdı. İdmançıların uğurları isə cəmiyyətin idmana münasibətini dəyişdi – artıq demək olar ki, hər evdə idmanla məşğul olan bir övlad yetişir.
- Komanda idman növləri ilə bağlı da uzun illər tənqidlər səslənirdi. Son dövrdə bu sahədə dəyişiklik varmı?
- Bəli, bir vaxtlar belə fikir formalaşmışdı ki, Azərbaycan komanda idmanlarında yüksək nəticə əldə edə bilmir. Ancaq “Qarabağ” Futbol Klubunun oyunları bu stereotipi tamamilə dəyişdi. Qurban Qurbanovun formalaşdırdığı müstəqil, peşəkar və düzgün idarəetmə modeli göstərdi ki, yerli mütəxəssislərimiz də dünya səviyyəsində komanda yarada bilirlər. Onun fəaliyyətinə heç bir müdaxilə olunmur. Hətta bildiyimə görə, komandaya rəhbərliyi də özü edir. Ona görə də idmanda siyasət düzgün qurulduqda uğur qaçılmazdır. Arzu edərdik ki, belə Qurban Qurbanovlar çoxalsın və digər komanda idman növlərində də eyni inkişafı görək. Həm Gürcüstan, həm Özbəkistan bu sahədə irəliyə doğru böyük addımlar atıblar və biz də həmin səviyyəyə çatmalıyıq.
- Regionlarda idman infrastrukturunun vəziyyəti necədir? Yeni idman zallarının və qurğularının tikilməsi kifayətdirmi?
- Bu, regiondan-regiona dəyişir. Məsələn, Gəncə artıq böyük idman şəhəridir. Son illərdə Gəncə İdman Sarayı, Olimpiya İdman Kompleksi, eləcə də idman məktəbinin yenidən qurulması böyük imkanlar yaradıb. Artıq Avropa çempionatları belə Gəncədə keçirilir.
- Digər bölgələrdə də olimpiya kompleksləri mövcuddur, amma əsas məsələ idmanın kütləviləşdirilməsidir. İdman yalnız şəhər mərkəzləri ilə məhdudlaşmamalıdır. Kəndlərdə də zallar, meydançalar olmalıdır ki, uşaqlar şəhərə gəlmədən idman edə bilsinlər. Kənd mühitində böyüyən uşaqlar çox sağlam olur və onlar gələcəyin çempionlarına çevrilir. Bu baxımdan bələdiyyələrin birləşməsi də yeni imkanlar açır. Bələdiyyələr öz aralarında idman əməkdaşlığı qura, kəndlərdə futbol və voleybol komandaları yarada bilərlər.
- Parlamentdə idmanla bağlı yeni qanun layihələrinin qəbulu gözlənilirmi?
- Hələlik rəsmi olaraq təqdim olunmuş qanun layihəsi yoxdur. Amma parlamentdə təklif etmişəm ki, idmanın inkişafı üçün dövlət dəstəyi ilə yanaşı, özəl sektorun da stimullaşdırılması vacibdir. Sponsorluq sisteminin qanunla tənzimlənməsi sahibkarların idmana marağını artırar və klubların daha dayanıqlı inkişaf etməsinə imkan verər. Dünya təcrübəsi göstərir ki, böyük klublar sponsor maraqlarına əsaslanır, xahişlə deyil. Bizdə də bu sistem qurulmalıdır.
- Federasiyaların fəaliyyətini necə qiymətləndirirsiniz?
- Son illərdə bir çox federasiyalar aktiv və şəffaf fəaliyyət göstərirlər. Cüdo, güləş, voleybol, basketbol federasiyalarının regionlarda yaratdığı dinamikanı aydın şəkildə görürük. Regionlarda zallar açılır, uşaq idmanı inkişaf edir, məşqçilər dəstəklənir. Bu addımlar nəticələrin əsasını təşkil edir.
- İdman bəzən siyasi vasitə kimi də xarakterizə olunur. Sizcə, idmanın inkişafı xarici siyasətimizə necə təsir edir?
- İdman beynəlxalq münasibətlərdə çox mühüm rol oynayır. Siyasi münasibətlərin gərgin olduğu ölkələr belə idman vasitəsilə əməkdaşlıq edə bilirlər. MDB oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi buna bariz nümunədir. İdman hər zaman sülhə, dostluğa və əməkdaşlığa çağırışdır və ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.
- Məşqçilər üçün xüsusi meyarlar müəyyən edilməlidirmi? Yəni, təkcə həyatında uğur qazanmış idmançı olmaq məşqçi olmağa kifayət edirmi?
- Əlbəttə ki, kifayət etmir. Məşqçi-müəllim həm psixoloq, həm pedaqoq, həm də idman mütəxəssisi olmalıdır. Uşağın fiziki hazırlığı ilə yanaşı, onun mənəvi dünyasını da formalaşdırır. Buna görə də məşqçilərin mütəmadi təlimləri, sertifikatlaşdırılması vacibdir.
- İdmanın inkişafı gənc nəslin vətənpərvərlik ruhuna və sağlam böyüməsinə necə təsir edir?
- İdman ilk növbədə sağlamlıqdır, sağlamlıq isə sağlam ruh deməkdir. Sağlam ruhlu gənc həm vətənini sevir, həm də düzgün şəxsiyyət kimi formalaşır. Məktəb və idman mühiti uşaqların yetişməsində mühüm rol oynayır. Məşqçilər uşaqlara yalnız texniki bacarıq deyil, əxlaq və davranış da aşılayırlar. Bu mənada idman həm fiziki, həm mənəvi tərbiyənin vacib hissəsidir.
- Sonda, “Qarabağ” ÇL-dəki mübarizədindən və VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan idmançılarımızdan gözləntləriniz nələrdir?
- “Qarabağ” -ın son uğurları bütün xalqı sevindirdi və qürurlandırdı. 24 milyon avroluq büdcə ilə 1 milyarddan çox büdcəsi olan rəqiblərlə bərabər səviyyədə oynamaq təsadüf deyil – bu, komandanın və məşqçi heyətinin peşəkarlığının göstəricisidir. İnanırıq ki, “Qarabağ” daha böyük uğurlara imza atacaq. Ümumilikdə isə idmançılarımızdan böyük gözləntilərimiz var. Onlar bu gün Azərbaycanı ən yüksək səviyyədə təmsil edirlər və bizə inamla gələcəyə baxmağa əsas verirlər.
22:20 15.11.2025
Oxunuş sayı: 1860