İkitərəfli enerji əlaqələri Azərbaycan və İran üçün xüsusi əhəmiyyət daşıyır - Açıqlama
Son illərdə regionda enerji təhlükəsizliyi və dayanıqlı infrastrukturun inkişafı ölkələrarası əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilib. Bu çərçivədə Azərbaycan ilə İran arasında enerji sahəsində qurulan tərəfdaşlıq münasibətləri həm ikitərəfli əməkdaşlığın güclənməsinə, həm də geniş regional inteqrasiya proseslərinin sürətlənməsinə mühüm töhfə verir. Elektrik enerjisinin istehsalı, ötürülməsi və qarşılıqlı mübadiləsi üzrə həyata keçirilən layihələr, o cümlədən enerji sistemlərinin yeni texnoloji tələblərə uyğunlaşdırılması, tərəflərin strateji maraqlarını birləşdirən əsas istiqamətlərdən biridir.
İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilunun açıqlamalarında da vurğulandığı kimi, hazırda hər iki ölkə elektrik istehsalı və mübadiləsi sahəsində birgə layihələri fəal şəkildə təşviq edir, habelə İran–Azərbaycan–Rusiya enerji şəbəkələrinin üçtərəfli inteqrasiyası üzrə proqramın yekunlaşması ərəfəsindədir. Bu kimi təşəbbüslər regionda enerji axınlarının daha çevik və ehtiyaca uyğun idarə olunmasına şərait yaradır.
Bununla yanaşı, qaz mübadiləsi – swap əməliyyatlarının uğurla davam etdirilməsi, Azərbaycan qazının İran ərazisindən Naxçıvana çatdırılması layihəsinin icrası, Xəzər dənizindəki karbohidrogen yataqlarının birgə işlənməsi ilə bağlı müzakirələr və "Xudafərin"–"Qız Qalası" su elektrik stansiyaları ilə bağlı işlərin gündəmdə qalması iki ölkənin əməkdaşlığının çoxşaxəli xarakter daşıdığını göstərir. Bu layihələr təkcə enerji təminatının gücləndirilməsi deyil, su resurslarının idarə olunması və kənd təsərrüfatı sektorunun inkişafı baxımından da strateji əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı, Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Xudafərin və Qız Qalası su elektrik stansiyalarının təməli 2024-cü il 28-ci ildə qoyulub. Bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və helikopter qəzasında həlak olmuş İran İslam Respublikasının sabiq prezidenti İbrahim Rəisi də iştirak etmişdilər.
Hər iki stansiya həm Azərbaycan, həm də İran üçün xüsusi əhəmiyyət daşıyır. Çünki burada istehsal olunacaq elektrik enerjisi və yaradılacaq suvarma imkanları hər iki ölkənin sərhəd bölgələri üçün mühüm rol oynayır. Hazırkı şəraitdə İranda həm su qıtlığı, həm də enerji çatışmazlığı müşahidə olunduğu üçün Tehran hakimiyyəti stansiyaların tikintisinin sürətlə başa çatmasında və istismara verilməsində maraqlıdır. Təbii ki, Azərbaycan üçün də bu layihələrin reallaşması strateji baxımdan böyük önəm kəsb edir. Xüsusilə də stansiyaların yerləşdiyi Cəbrayıl rayonunun bəzi ərazilərində əhalinin tam məskunlaşması prosesi hələ yeni başlayır.
Bu hidroenerji layihələri barədə ilkin danışıqlar 1970-ci illərdə SSRİ ilə İran arasında aparılmış, 1982-ci ildə isə müvafiq müqavilələr imzalanmışdı. Lakin həmin ərazilərin uzun müddət Ermənistan tərəfindən işğal altında qalması və sonrakı dövrdə SSRİ-nin dağılması prosesləri layihənin həyata keçirilməsini illərlə ləngidib".
Politoloq, həmçinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra bu məsələnin yenidən aktuallaşdığını və işlərin sürətləndirildiyini qeyd edib:
"Hazırkı mərhələdə bu stansiyaların tikintisi və istismara verilməsi Azərbaycan–İran münasibətlərinin inkişafına, xüsusən də iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verən layihə kimi qiymətləndirilir".
Elmir Heydərli
16:51 15.11.2025
Oxunuş sayı: 1399