Fransa artıq anlayır: Cənubi Qafqazda davamlı sülh... - Deputat
Azərbaycanlq Fransa arasında gərginlik münasibətlərdə gərginlik 44 günlük Vətən Müharibəsindən sonra daha da artmışdı.
Bunu Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O bildirib ki, müharibəyə qədər müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda sıx əməkdaşlıq əlaqələri mövcud olsa da, Fransa tərəfindən nümayiş olunan ermənipərəst mövqe bu əlaqələrə mənfi təsir göstərmişdi: "Fransa Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqe tutmaqla Azərbaycana qarşı siyasi təzyiq göstərməyə çalışırdı. Bu isə Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanmışdı. Halbuki Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul edilmiş dörd qətnaməyə səs vermişdi,lakin onların icrası istiqamətində real addımlar atmırdı".
A.Allahverənov vurğulayıb ki, 44 günlük müharibədən sonra Fransa ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətini davam etdirsə də, Azərbaycanın yaratdığı yeni siyasi reallıqları qəbul etməkdə çətinlik çəkirdi: "Buna baxmayaraq, hazırkı mərhələdə vəziyyət dəyişməkdədir. Fransa artıq Cənubi Qafqazda yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətində qalıb. Bu, bölgədə uzunmüddətli sülhün bərqərar olmasına töhfə verir. Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində Fransa Prezidenti Emmanuel Makronun çıxışı da münasibətlərin yumşaldılmasına yönəlmiş addım kimi qiymətləndirilir".
Deputat qeyd esib ki, oktyabrın 16-da Prezident İlham Əliyevin Fransanın yeni təyin olunmuş səfiri Sofi Laqutdan etimadnamə qəbul etməsi zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində vacib mesajlar verilib: "Fransa tərəfi münasibətlərdə “yeni səhifə” açıldığını bəyan edib. Əgər Fransa bundan sonra da sülh prosesinə real dəstək göstərərsə və Ermənistanla bağlı siyasətində korrektələr apararsa, bu, regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Bununla yanaşı, Fransa daxilindəki erməni diasporasının hökumətə təsir imkanları azaldılarsa, iki ölkə arasında əməkdaşlıq münasibətlərinin daha sağlam şəkildə formalaşması mümkündür. Fransa artıq anlayır: Cənubi Qafqazda davamlı sülh və iqtisadi inteqrasiya proseslərindən kənarda qalmaq onun maraqlarına uyğun deyil. Rəsmi Paris atacağı addımlarla bu reallığı qəbul etdiyini sübut etməlidir".
Mehriban İbrahimli
15:21 15.11.2025
Oxunuş sayı: 1637