Anar Rzayev xeyir- dua verdi: Türk xalqları bir-birinin ədəbiyyatı ilə daha yaxından tanış olacaq
Türk dünyasında mədəni inteqrasiya və birgə mənəvi irsin qorunması istiqamətində aparılan işlər yeni mərhələyə qədəm qoyur. Xüsusilə kitabxanalar, ədəbi irs kimi strateji əhəmiyyət daşıyan sahələrdə əməkdaşlığın gücləndirilməsi türk dövlətlərinin birliyinin intellektual əsaslarını formalaşdırır.
Azərbaycan bu prosesdə hər zaman təşəbbüskar mövqe nümayiş etdirərək, mədəniyyət və elm sahəsində ortaq institutların yaradılmasına xüsusi diqqət göstərir. Bu kontekstdə türk ölkələrinin milli kitabxanalarını vahid Assosiasiya ətrafında birləşdirmək təşəbbüsü yalnız texniki əməkdaşlıq deyil, həm də ortaq kimliyin, tarixi yaddaşın və mədəni mirasın sistemli şəkildə qorunması baxımından strateji addımdır. Regional və beynəlxalq səviyyədə böyük maraq doğuran bu təşəbbüs türk dünyasının intellektual gücünün birləşməsi üçün real platforma yaradır və gələcək mədəni diplomatiyanın istiqamətlərini müəyyənləşdirir.
Yazıçılar Birliyinin sədri Anar Rzayev Crossmedia.az-a açıqlamasında sözügedən təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib: "Bu çox yaxşıdır, xeyir dua verirəm. Təşəbbüsü çox yüksək dəyərləndirirəm. Çünki türk xalqları bir-birinin ədəbiyyatı ilə daha yaxından tanış olacaq".

Ayhan
10:00 15.11.2025
Oxunuş sayı: 1475